Çeçenistan prezidenti Ramzan Kadırov vəzifəsindən getmək istəyir.
7news.Az anspress-ə istinadən bildirir ki, o, bu barədə Rusiyanın televiza kanalı olan NTV-nin "Mərkəzi televiziya" verilişinə müsahibəsində deyib. Çeçenistan rəhbəri bildirib ki, o, adının xalqına qarşı istifadə olunmasını istəmir. Odur ki, vəzifəsindən getmək vaxtı çatdığını hiss edir və yerinə başqa bir insanın təyin olunması üçün ölkə rəhbərliyinə bununla bağlı müraciət də edib.
"Düzünü desəm, mən işimi görürəm və bu günə kimi yaxşı da alınıb. Bundan sonra mənim adımı xalqıma qarşı istifadə etməsinlər deyə, hesab edirəm ki, hökumət başqa adam tapmalıdır. Odur ki, mənim vaxtım başa çatıb. Mən getməliyəm. Yerimə gəlməyə isə komandamızda savadlı mütəxəssislər çoxdur", - deyə R.Kadırov qeyd edib.
Ölkə lideri onu da əlavə edib ki, hər bir insanın bir həddi var. "Hər bir şəxsin özü üçün bir zirvə nöqtəsi var. Bax bu da Kadırov üçün zirvədir".
Ramzan Əhmədoğlu Kadırov - 5 oktyabr, 1976-cı ildə Çeçenistanın Tsentoroi şəhərində anadan olub. Çeçenistan Respublikasının üçüncü dövlət başçısıdır. Ölkənin ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikasına rəhbər təyin olunub. İlk dəfə olaraq parlament onu Çeçenistan rəhbəri vəzifəsinə 2007-ci ilin martın 2-də 4 il müddətinə təyin edib. Lakin 2007-ci ilin sonunda prezidentin və parlamentin səlahiyyətlərinin müddətinin dəyişdirilməsi barədə dörd ildən beş ilədək ümumxalq referendumunda konstitusiyaya düzəlişlər edilib. İkinci müddətə (artıq beş il) Kadırovun namizədliyi 2011-ci il martın 5-də Çeçenistan parlamenti tərəfindən təsdiq edilib. Beləliklə, bu ilin mart ayında respublika başçısının səlahiyyətləri başa çatır.
7news.Az








