Xəbər verdiyimiz kimi "AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərova qarşı külli miqdarda dələduzluq etməkdə – 1 milyon manatdan çox pulunu mənmsəməkdə ittiham olunur.
İntiqam Səfərəliyev Azərbaycanda tanınmış maliyyəçilərdən hesab edilir. O mediada, TV-lərdə tez-tez iqtisadçı kimi çıxışlar da edib.
Dələduzluqda ittiham edilən İntiqam Səfərəliyev 2007 ildən "Çelsi Kapital” şirkətinin direktoru vəzifəsində çalışıb. O, şirkətin 3 il ərzində maliyyə sektorunda birinci yerə gəlməsini və 3 il ərzində də bu yerdə qalmasını təmin edib.
2014-cü ildən "AzFinance İnvestisiya Şirkətin”ə direktor müavini təyin edilib. Bu müddət ərzində o, həmçinin "AFB Bank”ın Müşahidə Şurasının Üzvü vəzfəsində də çalışıb.
2019-cu ildən isə "AzFinance İnvestisiya Şirkəti”nin direktoru vəzifəsini icra edib. İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik hesab edilir.
İ.Səfərəliyev evlidir, 3 övladı var.
İndi isə Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib.
Bu ittihamdan sonra sual yaranır ki, nazir oğlunda 1 mln. manat haradandır? Vətəndaşın bir ayda 1000 manatı güclə tapdığı bir dövrdə nazir oğlu maliyyəçiyə 1 milyon manatı necə verir?

İqtisadçı Natiq Cəfərli də Heydərovun oğlunun maliyyətçiyə verdiyi 1 milyon manatla bağlı maraqlı fikir bildirib. İqtisadçı sual edir ki, əgər plan uğurlu olsaydı, səhmlər 200 min əlavə qazanc gətirsəydi, pulu verən şəxs (Heydərovun oğlu) gedib bunu dövlətə bəyan edib vergisini verəcəkdimi?:
"Bu dələduzluq maddəsi biznes, yatırım üçün böyük bəlaya çevrilir. Tutalım, A adlı şəxs, B adlı şəxslə danışır ki, adama 100 min manat pul qoyaq, mal gətirək, iş görək, və ya, səhm alaq, koin alaq-sataq, qazanaq. Razılaşırlar, A adlı şəxs 200 min manatı, tutalım, C adlı şirkətin səhminə yatırır, səhmlər kəskin dəyər itirir, sərmayə batır. B adlı şəxs də gedir şikayət edir ki, A adlı şəxs məndən 100 min alıb, dələduzdur, vermir.
Yaxşı, əgər plan uğurlu olsaydı, səhmlər 200 min əlavə qazanc gətirsəydi, B adlı şəxs, gedib bunu dövlətə bəyan edib vergisini verəcəkdimi?! Təbii ki, yox”.








