Böyük Britaniyanın baş naziri Devid Kemeron açıq mikrofonun qurbanına çevrilib.
7News.az bildirir ki, Bakingem sarayında təşkil olunan tədbirdə kraliça 2-ci Yelizaveta ilə söhbət edən hökumət başçısı, Londonda keçirilməsi planlaşdırılan korrupsiya ilə mübarizə sammiti haqda danışıb. Bu vaxt kameraların onu lentə aldığını unudan baş nazir, Nigeriya və Əfqanıstanın ünvanına qalmaqallı ifadələr işlədib. Kemeron dünyanın ən rüşvətxor iki ölkəsinin adını sadalayıb.
Sammitdə iştirak edəcək ölkələrlə bağlı danışan Kemeron, Nigeriya və Əfqanıstanın fantastik dərəcədə korrupsiya çirkabına batdığını irəli sürüb. Lakin onun ağır ittihamlarına Nigeriya və Əfqanıstandan cavab gecikməyib. "Rüşvətə yox" şüarı ilə Nigeriyanın prezidenti seçilən Məhəmməd Buxari Kemeronun açıqlamalarına heyrətləndiyini ifadə edib. Əfqanıstanlı rəsmilər isə ölkələrinə qarşı ədalətsizlik edildiyini vurğulayıb.








