Yaponiyanın Noto şəhəri koronavirus pandemiyası zamanı xəstəliklə mübarizəyə ayrılan pulları "uçan kalmar" heykəlinin inşasına xərcləyib.
Bu barədə "BBC" yazır.
Heykəlin uzunluğu 13 metrdir. Onun inşasına Fövqəladə Maliyyələşdirmə Fondundan götürülən 25 milyon yen məbləğində (390 min manata yaxın) pul xərclənib.
Məmurların sözlərinə görə, heykəlin inşası turist axınının bərpası üçün uzunmüddətli planın bir hissəsidir. Notoda koronavirusa yoluxma halları çox olmasa da, şəhər turist sayının azalması səbəbindən böyük ziyan görüb.
Şəhərə pandemiya ilə mübarizə aparmaq üçün 800 milyon yen (12 milyon manat) ayrılıb.
Yerli sakinlər idarəni tənqid edərək bildiriblər ki, bu pulları həkimlər arasında paylamaq, yaxud uzunmüddətli tibbi ehtiyaclara xərcləmək daha münasib olardı.
Qeyd edək ki, uçan kalmar Noto şəhərində delikates hesab olunur.








