RU
Koronavirusdan sağalan şəxs danışdı: “Sanki ölü idim” - FOTO
19:00
551

Koronavirusdan sağalan şəxs danışdı: “Sanki ölü idim” - FOTO

"Koronavirusa yoluxan zaman ilk üç gün ərzində özümü çox pis hiss edirdim, sanki ölü idim”.

Bunu Trend-ə açıqlamasında koronavirus xəstəliyindən sağalan 1979-cu il təvəllüdlü Elçin Hüseynov bildirib.

Onun sözlərinə görə, virus bütün ailədə aşkarlanıb, hamı sağalsa da, atasını xilas etmək mümkün olmayıb:

"Xəstəliyin ilk simptomlarını Gəncədən Bakıya qayıdarkən hiss etdim. Bədənimdə üşütmə yarandı və maşını idarə edə bilmədiyimdən, sükan arxasına atam keçdi. Bakıya gələndən bir neçə gün sonra xəstəlik ağırlaşdığından təcili tibbi yardım çağırdıq və bizdən analizlər götürdülər. İlk analizlərin cavabı atamda, anamda və məndə neqativ çıxdı, ancaq altı yaşlı oğlum və yoldaşımda pozitiv oldu. Onları dərhal Qara Qarayev adına xəstəxanaya yerləşdirdilər”.

E.Hüseynov qeyd edib ki, bir müddət sonra valideynlərinin və özünün vəziyyəti ağırlaşıb, nəticədə, onları Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdiriblər:

"Bir müddət Ağciyər Xəstəlikləri İnstitutunda qaldıqdan sonra atamla məni Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Təəssüf ki, atam müalicəsinin 15-ci günündə həyata gözlərini yumdu.

Anam Ağciyər Xəstəlikləri İnstitutunda 16 gün müalicə olunduqdan sonra sağaldı və onu evə buraxdılar, mən isə 27-ci günümdə evə yola salındım”.

Elçin Hüseynov əlavə edib ki, müalicə dövründə onda, əsasən, bronxlarda problem olub, ancaq fədakar həkimlərin sayəsində o, bu günləri geridə qoyub:

"Xəstəliyin ilk üç günündə vəziyyətim çox pis idi, sanki ölü idim. Ümumiyyətlə, belə başa düşdüm ki, bu xəstəlik hər bir insanda özünü müxtəlif formada göstərir. Belə ki, məndə, ümumiyyətlə, qızdırma olmadı, yalnız bronxlarımda problem var idi. Atamda isə xəstəlik qızdırma ilə özünü göstərmişdi”.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ