Keçən sayımızda Abşeron rayonu, Masazır kəndinin ərazisində
yerləşən "Laza” otelinin priton kimi fəaliyyət göstərməsinə dair tənqidi
yazıyla cıxış etmişdik. Redaksiyamıza daxil olmuş məlumatda bildirilirdi ki, kənd
sakinlərinin kəskin etirazlarına baxmayaraq, bu günə qədər nə obyektin sahibləri
bu rüsvayçılığı dayandırmaq niyyətlərini ortaya qoymayıblar, nə də rayonun
hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb.
Azerinfo.az-ın məlumatına görə, qeyd edək ki, "Laza” oteli adlandırılan bu
priton bilavasitə Masazır kəndinin içərisində, yaşayış evlərinin əhatəsində
yerləşir. Təbii ki, bu vəziyyət kənd sakinlərini son dərəcə narahat edir. Lakin
təəssüflər olsun ki, dəfələrlə müxtəlif instansiyalara olunan şikayətlərdən hələ
də heç bir nəticə çıxmır. Bu əxlaqsızlıq yuvası fəaliyyətini durmadan genişləndirdikcə,
ətraf evlərdə yaşayan sakinlərin də narahatlıq hissləri artır. Lakin
"Laza” otelinin müdiri olan və yaxud da bu obyekti icarə əsasında işlədən
Süleyman adlı şəxs qonşularının ittihamlarını tam etnasızlıqla qarşılayır. Nəzərinizə
catdırırəq ki, "Laza” otelinin də, məşhur "Laza” xalça sexinin də
sahibi eyni bir şəxs, Dağlar Səfərovdur.
Azerinfo.az-ın məlumatına görə, elə obyektlərini anadan olduğu Qəbələ rayonunun
Laza kəndinin adı ilə adlandırmaq da onun öz ideyasıdır. Bir müddət əvvəl
Dağlar Səfərovun əməkdaşımızla baş tutmuş telefon söhbəti zamanı dedikləri isə,
bu şəxsin özünün cəzasızlığına tam əmin olduğunu bir daha büruzə vermişdi. Belə
ki, otel sahibi irəli sürülən ittihamları təkzib etməyə cəhd belə göstərmədən,
birbaşa əməkdaşımızı təhdid etməyə, bundan bir nəticə çıxmadıqda isə,
yazılanlara etinasızlıq nümayiş etdirməyə üstünlük vermişdi. Artıq dəfələrlə
qeyd etdiyimiz kimi, həm ictimaiyyətin və həm də müvafiq dövlət qurumlarının
bütün səylərinə baxmayaraq, cəmiyyətimiz hələ də gizli pritonların fəaliyyəti
ilə bağlı problemin effektiv həlli yollarını tapmaqda çətinlik çəkir.
Əslində müxtəlif iaşə obyektləri, sağlamlıq və istirahət kompleksləri, əyləncə
mərkəzləri adı altında pərdələnən bu obyektlərin fəaliyyəti hamının və hər kəsin
gözü qarşısında baş verir. Hətta hüquq-mühafizə orqanlarının xüsusilə əxlaqsızlıq
yuvalarının aşkar edilməsi, fəaliyyətlərinin dayandırılması və bu işi təşkil edənlərin
cəzalandırılması istiqamətində həyata keçirdikləri qəti tədbirlər belə bu
qorxunc ictimai bəlanın qarşısını tam ala bilmir. Ölkənin müxtəlif yerlərində təşkil
olunan əxlaqsızlıq yuvaları öz çirkin işlərini min bir üsulla pərdələməyə hələ
də nail ola bilirlər. Masazır kəndi ərazisində fəaliyyət göstərən "Laza”
otelinin ətrafında cərəyan edən proseslər də bunu bir daha təsdiq edir.
Mənbələr bildirirlər ki, "Laza” otelinin sahibləri hətta öz obyektlərinə
yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar ətrafda yaşayan gənclər arasında
"reklam” kampaniyaları aparmaqdan belə çəkinmirlər. Bu məqsədlərlə isə,
yaxınlıqda yerləşən kafe və çayxanalarda, gənclərin asudə vaxtlarını keçirdikləri
məkanlarda məxsusi olaraq göndərilmiş şəxslər tərəfindən "Laza” otelinin təbliği
gedir. Aydındır ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları
daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni
zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin
saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. Əgər belə bir "obyekt”
davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər
hansı polis orqanının bu işdən xəbəri var və çox güman ki, bu fəaliyyət üçün həmin
orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Məhz bu səbəbdən də kənd sakinləri
bu problemin həllində yerli hüquq-mühafizə orqanlarına artıq güvənmədiklərindən,
kütləvi informasiya vasitlərinin köməyilə məsələni Daxili İşlər Nazirliyinin rəhbərliyinin
və müvafiq struktur bölmələrinin diqqətinə çatdırmağa çalışırlar.








