Bakıda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.
Hadisə səhər saatlarında Mərdəkan-Buzovna şosesində qeydə alınıb. Belə ki, Xəzər rayon sakini Ruslan Mirzəyev idarə etdiyi avtomobillə 67 yaşlı Esmira Əliyevanı vurub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı bildirib ki, E.Əliyeva yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçmək istəyərkən, maşın ona çırpılaraq, uzaq məsafəyə atıb:
"Piyada hadisə yerində dünyasını dəyişib. Qeyd edim ki, ərazi yüksək hərəkət sürətli yoldur. Buna görə də ərazidə piyadalar üçün nəzərdə tutulmuş keçid var. Bir daha piyadaların diqqətinə çatdırmaq istəyirik ki, özlərinin həyatlarını təhlükə altına, digər insanları isə məsuliyyət qarşısında qoymasınlar. Nəzərdə tutulmuş yerlərdən keçid etsinlər. Bugünkü hadisə bir daha onu göstərdi ki, həyati əhəmiyyətli qaydalara riayət etməmək belə ağır faciələrlə yekunlaşır”.
Faktla bağlı araşdırma aparılır.








