Bu gün Gəncə Dövlət Dram Teatrında rəhbərliklə aktrisa arasında baş verən gərginlikdən söz açmışdıq.
Məlumata görə, Teatrın baş rejissoru İradə Gözəlova bu ilin yanvarından aparıcı aktrisa Kəmalə Məmmədovaya rol vermir.
Mənbə bildirib ki, Məmmədova artıq Şəki Dövlət Dram Teatrı ilə əməkdaşlığa başlayıb.
Məsələ ilə bağlı Kəmalə Məmmədova ilə əlaqə saxladıq. Bu barədə 7News.Az-a danışan aktrisa məlumatın yanlış olduğunu bildirdi: "Mən Gəncə Dövlət Dram Teatrından ayrılmamışam. Belə bir fikrim də yoxdur.
Sadəcə mən saytların birində baş rejissorumuz İradə Gözəlovanın müsahibəsini gördüm və bu mənə xoş deyil. Çünki aktrisa və baş rejissor arasında gedən söhbətlər nə üçün orda burda danışılır? Axı mən dilənçi deyiləm. Heç kəsə mənə rol verməsi üçün yalvarmamışam və bunu etmərəm.
Mənə Şəki Teatırından təklif gəldi. Baş rejissor gözəl bir rol uyğun gördü və mən də dəyərləndirdim. Müvəqqəti olaraq ordayam. Bilənlər bilir, bilməyənlərə yenə səslənirəm. Mən Gəncə Dövlət Dram Teatrının aktrisasıyam".
Qeyd edək ki, aktrisa Kəmalə Məmmədova hazırda Şəki Teatrında baş rolu-Serapı oynadığı "...Və dəyirman dönərdi" əsərinin məşqindədir. Tamaşanın premyerası dekabrın 10-da baş tutacaq.











