Ermənilər Cəbrayılda dünyada misli görünməmiş vandallıq ediblər. Onlar işğal etdikləri torpaqlarda daşı-daş üstündə qoymayıblar. Ən vəhşi mənzərə isə qəbirstanlıqlarımızın darmadağın edilməsidir. Düşmən o qədər kinli olub ki, hətta məzarlarda yatan ölüləri də rahat buraxmayıb. Onlar kənd qəbiristanlığında bütün məzarları eşərək, başdaşlarını aparmaq bir yana qalsın, cəsədlərin qalıqlarını çıxararaq təhqir edib, insan sümüklərini ətrafa yayıblar.
Bu, ermənilər tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda bilərəkdən dağıdılan qəbirlərdən sadəcə biridir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Horovlu kəndindən çəkilmiş bu videogörüntüdə ermənilərin kənd qəbiristanlığında bütün məzarları eşərək, başdaşlarını sındırdıqları, insan sümüklərini ətrafa yaydıqları aydın görünür.
İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, erməni vandalizmi sadəcə şəhər və kəndlərimizi deyil, hətta qəbiristanlıqlarımızı da əhatə edib.
Azərbaycanlılar mənəvi dəyərlərə üstünlük verən bir xalqdır. Lakin düşmən o qədər kinlidir ki, daşı daş üstündə qoymayaraq bu dəyərlərimizə də xələl gətirməyə çalışır.
Ağa Hacıbəyli qeyd edib ki, biz humanistliyimizi daim qorusaq da, işğaldan azad olunan ərazilərimizdə müşahidə etdiyimiz bu mənzərələr dünyada görünməmiş vəhşilik və murdarlıqdır.(xezerxeber)








