7News.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
MTRŞ sədri hesab edir ki, büdcədən maliyyələşən Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət Televiziyası, İdman Televiziyası, İctimai Televiziya bu işdə əsas yükü öz üzərlərinə götürməlidir: "Bu televiziya kanalları gərək cəmiyyətin tələbatını ödəsin. Əgər insanlar həmin televiziya kanallarında olan verilişlərə baxacaqlarsa, özəl telekanallardakı şou verilişlərinə ehtiyac qalmayacaq. Çox təəssüf ki, cəmiyyətdə dəyərsizləşdirmə çox sürətlə gedir və bu özünü bütün sahələrdə göstərir. Bu, qorxulu tendensiyadır və biz bundan çox əziyyət çəkirik”.
N. Məhərrəmli MTRŞ-nın sosial problemli insanlar üzərində şou yaradılmasını qəbul etmədiyini vurğulayıb: "Kriminal xəbərlərdə insanlarla bağlı cəmiyyəti qıcıqlandıran mövzuların tez-tez təkrar edilməsini qəbul etmirik. Bəzən elə olur ki, ailədə dəhşətli, cəmiyyətimizə xas olmayan hadisə lazım olduğundan artıq işıqlandırılır. Bu, tək televiziyalar deyil, yazılı KİV-də də özünü çox göstərir. Telekanallarda belə məsələlər olan zaman Şura bunu tənzimləyə bilir. Amma bütövlükdə mediada bu hal özünü çox göstərir. Xüsusən əxlaqi dəyərlərlə bağlı kriminal hadisələr, ata-övlad, ər-arvad məsələləri daha çox qabardılır”.
MTRŞ sədri qeyd edib ki, televiziya kanallarında yetərincə maarifləndirici verilişlərin olması üçün iqtisadi baza olmalıdır: "Özəl telekanallarda maarifləndirici verilişlər demək olar ki, yox dərəcəsindədir. Bu özəl telekanalların iqtisadi vəziyyəti həddindən artıq pisdir. Bir müddət əvvəl hətta Azərbaycan prezidenti bəzi özəl telekanallara həm "Azərkosmos”a, həm də "Teleradio" İstehsalat Birliyinə borclarının ödənməsi üçün xüsusi yardım ayırdı. O baxımdan özəl telekanallarda maarifçilik verilişlərinə yer ayrılmaması ciddi problemdir. Bu, həm də reklamın azlığı ilə bağlı olan məsələdir. Ümumilikdə isə telekanallarda problemlər çoxdur. Bura kadr məsələsi, telekanal rəhbərlərinin düzgün proqram siyasətinin olmaması və digərləri daxildir”.
7News.az








