Dieqo Frazao 1997-ci ildə Braziliyanın Rio şəhəri yaxınlığında anadan olub. Çox kasıb ailədə dünyaya gələn uşaq 4 yaşında ikən meningit olub, ağır sətəlcəm xəstəliyindən sağalıb, xəstəlikləri səbəbindən ciddi yaddaş problemləri yaşayıb. Daha da dəhşətlisi Dieqo Braziliyada milyonlarla uşaq kimi küçələrdə böyüyürdü...
Həmin dövrdə küçədə böyüyən uşaqları narkotacirlərin, cinayətkarların, uşaq alverçilərinin əlindən xilas etmək üçün "AfroRegae" adlı xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. Bu təşkilat uşaqları müxtəlif mədəniyyət dərnəklərinə qəbul edir, onların cinayətkar dəstələr arasında yox olub getmələrinə mane olmağa çalışırdı. Təşkilatın könüllü üzvü olan skripka müəllimi Evandro Joao Silva uşaqlara dərs keçir, onlara musiqini sevdirməyə çalışırdı. Dieqo ilə Silvanın tanışlığı da bu vasitə olub.
Silva Dieqonun qayğısına qaldı, ona skripkanı öyrətdi. Silvanın şagirdi təkcə Dieqo deyildi. O, küçələrdən yığdığı bütün uşaqların qayğısına qalır, onların "qoruyucu mələyi"nə çevrilirdi.
Ancaq 2009-cu ildə Silva küçədə naməlum şəxslər tərəfindən qətlə yetirildi. Silvanın ölümü Rioda böyük səs-küyə səbəb oldu. Daha çox ağlayan isə küçədən tanış olduğu, skripkanı sevdirdiyi şagirdləri oldu. Silvanın dəfn mərasimində şagirdlərin çəkilmiş fotoları dünya mediasının gündəminə çevrildi. Dieqonun dəfn zamanı lentə alınmış şəkli isə 2010-cu ildə dünyanın ən təsirli 20 fotosu sırasına daxil oldu.
Dieqoya nə oldu?
Təəssüf ki, Dieqo da bu fotonun çəkilməsindən bir il sonra qan xərçəngindən dünyasını dəyişdi. Dieqonun xəstəliyi məlum olandan sonra xəstəxanaya yerləşdirilsə də, onun üçün artıq çox gec idi...
7News.Az









