Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə istiqamətində imzaladığı sərəncamlar, vermiş olduğu qərarlar, tapşırıq və tövsiyələri, eləcə də vaxtında həyata keçirdiyi digər tədbirlər bir daha sübut etdi ki, vətəndaşların təhlükəsizliyi dövlətimiz üçün ən vacib məsələdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Bildirilib ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb. Vətəndaşların yaşayış yerlərini tərk etmələri məhdudlaşdırılıb və mobil operatorları vasitəsilə qısa bir zamanda ismarıc yolu ilə icazə tətbiqi yaradılıb.
Vurğulanıb ki, məhz ölkə başçısının həyata keçirdiyi bu cür məqsədyönlü tədbirlərin nəticəsində bu vaxtadək Azərbaycanda digər ölkələrlə müqayisədə yoluxma və ölüm halları yüksək rəqəmlərlə ifadə olunmayıb. Son günlərdə müşahidə olunan statistik rəqəmlər isə daha da ümidvericidir. Lakin bütün bunlara baxmayaraq, hər bir azərbaycanlı öz vətəndaş mövqeyindən çıxış etməli, ölkə başçısının koronovirus pandemiyası üçün mübarizə tədbirlərinə vətəndaş həmrəyliyini nümayiş etdirməli, bəşəriyyəti təhdid edən belə bir təhlükəli xəstəliyin fəsadlarının aradan qaldırılması üçün görülən işlərə biganə qalmamalıdır.
Milli Məclisin deputatı Müşfiq Cəfərov həmçinin "Kapital Bank”ın Gəncə filialının müdiri Vüqar Paşayevlə video konfrans keçirib və sosial yardımların, müavinətlərin, o cümlədən əmək haqqı və pensiyaların veriləcəyi vaxtda mövcud vəziyyəti və bankda tətbiq olunan yenilikləri öyrənib.
Bank rəhbəri bildirib ki, hazırda vətəndaşlara sosial yardımlar, müavinətlər o cümlədən əmək haqqı və pensiyalar verən banklardan biri "Kapital Bank”dır. Yaşı 65-dən yuxarı olan insanlara yeni sifariş edilmiş kartlar bu bank tərəfindən onların ünvanlarına çatdırılır. Karantin dövrünü nəzərə alaraq vətəndaşların rahatlığı üçün bankın kart hesablarına köçürdüyü məbləğləri vətəndaşlar respublika ərazisində fəaliyyət göstərən bankların bankomatlarından (ATM) heç bir faiz tutulmadan əldə edə bilərlər. Nağdlaşma zamanı olan komissiya haqqı "Kapital Bank” tərəfindən ödənilir.
Video konfrans zamanı bankomatlar qarşısında yaranacaq növbələrdə ara məsafəsinin saxlanmasında və bankomatlarda zəruri əməliyyatların aparılmasında könüllülərin yardımının mümkünlüyü də təklif kimi səsləndirilib. Məhz bu cür tədbirlərlə və insanların maarifləndirilməsi ilə vətəndaşlar arasında kütləvi yoluxma hallarının qarşısını almağın zəruriliyi vurğulanıb.








