Oman sahillərindən təxminən 4 dəniz mili şərqdə xam neft tankeri naməlum mərmi ilə vurulub.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Məlumata görə, tanker Hörmüz boğazından çıxış istiqamətində hərəkət edərkən zərbəyə məruz qalıb. Zərbədən sonra gəmidə kiçik yanğın və elektrik enerjisinin kəsilməsi baş verib. Yanğın daha sonra söndürülüb və tanker hərəkətini davam etdirib.
Hadisə nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Hazırda ətraf mühitə hər hansı zərərin dəyməsi barədə məlumat yoxdur. Mərminin hansı silahdan atıldığı və hücumun kim tərəfindən həyata keçirildiyi müəyyən edilməyib.
Səlahiyyətli qurumlar hadisəni araşdırır.
Bəzi mənbələr tankerin Küveyt Neft Şirkətinə məxsus "Kazimah III” olduğunu bildirir, lakin UKMTO-nun ilkin açıqlamasında gəminin adı və sahibinə dair məlumat verilməyib.








