Əziz oxucular, bildiyimiz kimi, 3 iyul tarixində Azərbaycanda Gəncə şəhərinin İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev və onun mühafizəçisi silahlı hücuma məruz qalıb.
1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun açdığı atəş nəticəsində icra başçısı və onun mühafizəçisi yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə barədə ilk məlumatı Azərbaycan oxucularına məhz Oxu.Az xəbər portalı çatdırıb.
Hadisənin əhəmiyyətini nəzərə alaraq, Oxu.Az bu insidenti izləyərək, oxucularını yeni faktlar barədə məlumatlandırıb, bu zaman jurnalistika prinsiplərini rəhbər tutaraq, təqdim etdiyi faktlar bir neçə mənbədən yoxlanılıb.
Bu yenilənmələr zamanı Oxu.Az həm öz mənbələri, həm də böyük informasiya agentliklərinin məlumatlarına istinad edib.
Belə istinadlardan biri Report İnformasiya Agentliyinin yaydığı, icra başçısı Elmar Vəliyevin aldığı yaradan vəfat etdiyi barədə məlumat olub. Report İnformasiya Agentliyinin nüfuzunu, bir informasiya agentliyi kimi bütün məlumatları, xüsusilə də bu dərəcədə vacib, dövlət əhəmiyyətli məlumatları yoxlayıb dərc etdiyini düşünərək, Oxu.Az xəbər portalı da həmin yenilənməni oxucularına təqdim edib.
Lakin, sonradan Report İnformasiya Agentliyi E. Vəliyevin ölümü haqqında məlumatın həqiqətə uyğun olmadığı üçün report.az elektron ünvanından silib, həmin portalın adına və gücünə etibar edərək, belə bir yalanın yayılmasında iştirak etmiş digər xəbər portalları da məlumatı veb-səhifələrdən çıxarıblar.
Oxu.Az xəbər portalı olaraq, yaranmış vəziyyətə, Report.Az İnformasiya Agentliyinə istinadən yayılmış yanlış məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən və onun doğmalarından üzr istəyir, Allahdan tezliklə şəfa tapmasını diləyirik.
Oxu.Az xəbər portalının redaksiyası
7news.Az








