Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin ordudakı intihar hallarının yalnız statistikasını aparmaqla kifayətlənməyəcəyini və bu vəziyyətlə barışmaq fikrində olmadığını bəyan edib.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
İstintaq Komitəsi rəhbərinin cəmiyyətdə səs-küyə səbəb olan sektalar barədə açıqlamasına brifinqdə münasibət bildirən Paşinyan bu mesajı həmkarlarına çox aydın şəkildə çatdırdığını qeyd edib.
Hökumət başçısı rəsmilərin sadəcə kənardan izləyici qismində çıxış edərək baş verənlərə seyrçi qala bilməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, hər bir hadisənin müəyyən izahı var, lakin bu cür açıqlamalar onları qane etməməlidir.
Bir müddət əvvəl Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Eduard Asryan sülh dövründə hərbçilərin ölüm hallarının qarşısının alınması istiqamətində Müdafiə Nazirliyində müvafiq işlərin aparıldığını bildirmişdi. Bununla yanaşı, İstintaq Komitəsinin sədri Artur Poqosyan hərbi qulluqçular arasındakı intiharların ehtimal olunan səbəblərindən biri kimi onların konkret sektalara mənsubluğunu göstərib.
Xatırladaq ki, 2026-cı ilin əvvəlindən Ermənistan silahlı qüvvələrində hərbçilərin ölümü ilə bağlı 17 fakt qeydə alınıb. Bu hadisələr cəmiyyətdə ciddi rezonans doğuraraq, ordudakı nizam-intizam, nizamnamədənkənar münasibətlər və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı problemləri yenidən gündəmə gətirib.
Qeyd edək ki, avqustun 13-də baş nazir Nikol Paşinyan orduda baş verən insidentləri şərh edərkən aidiyyəti sahələrə məsul olan qurumlarda kadr dəyişikliklərinin ediləcəyini açıqlamışdı. Qısa müddət sonra ordunun mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan tutduqları vəzifələrdən azad ediliblər.








