"Praqada keçirilən görüş və ələlxüsus da onun nəticələri Azərbaycan diplomatiyasının böyük uğurudur” . Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev bildirdi. Dedi ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüşdə dövlətimizin başçısı ölkəmizin maraqlarını ən yüksək formada müdafiə etdi. Mövcud reallıqları dünya liderlərinin diqqətinə çatdırdı: "Paşinyanın elə görünüşündən, duruşundan məlum idi ki, Praqada da uduzub. Məğlubiyyət onun alnına yazılmışdı. Daha sonra isə təfsilatlar müəyyən oldu və həmin təfsilatların içində Paşinyanın aydın bir formada geri çəkilməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi detallar dəqiqləşdi. Zatən hadisələrin başqa cür cərəyan edəcəyini kimsə gözləmirdi. Çünki bu, Paşinyanın İlham Əliyev qarşısında ilk məğlubiyyəti deyil. Ermənistanın baş naziri həmin məğlubiyyəti dəfələrlə dadıb. 44 günlük müharibənin gedişində də, ondan əvvəl də, sonra da”.
-Artıq Azərbaycan özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarır və ya bacaracaq deyə bilərikmi?
- İndi dövr dəyişib, şərait, vəziyyət tam başqadır. Azərbaycan hazırda qalib və güclü tərəfdir. Üstəlik, həm də diktə edən tərəfdir. Bircə o qalıb ki, Ermənistan və Paşinyan da həmin reallığı dərk etsin, həmin reallıqla barışsın. Vəssalam. O da olacaq. Çünki alternativ seçimləri də yoxdur. Sülh müqaviləsi bütün hallarda imzalanacaq və bu, Ermənistanın arzusu, istəyi ilə bağlı məsələ deyil. Yəni Paşinyan istəməsə, zaman uzatsa, prosesi gecikdirsə belə, yenə həmin müqavilə imzalanacaq. Sadəcə, hələ onu normal şəkildə başa salmağa çalışırlar. Əgər başa düşməsə, başa düşdüyü dildə danışılacaq.
- Elşən müəllim, Ermənistan cəmiyyəti verilən son qərara necə münasibət göstərir? Hər hansı çevriliş, istefa tələbi gözləniləndirmi?
- Erməni xalqı onsuz da yaman gündədir və onların bu günə qalmasının əsas səbəbi başbilənlərinin yürütdüyü yanlış siyasət olub. Üstəlik, bu, bir tək Paşinyana deyil, hamısına aiddir. Köçəryana da, Sarkisyana da. Torpaqlarımızı 30 il işğal altında saxlayıb nə qazandılar? Heç nə. Amma itirdikləri çox şey oldu. Bütün beynəlxalq kommunikasiyalardan kənarda qaldılar, hər kəs onları işğalçı kimi tanıdı, hər yerdə qınandılar və beləcə, dövlət də bədbəxt oldu, xalq da. Ona görə hazırda heç xalqdan nəsə soruşan yoxdur. Güman ki, olmayacaq da. İndi Paşinyan üçün revanşistlərin və siyasi spektra təsir gücü olan digər qüvvələrin fikri daha çox maraqlıdır. O da ki, hakimiyyəti itirmək qorxusundan. Üstəlik, "birdən Soros nə deyər, nə deməz” fikri də yəqin Paşinyanın beynində hər zaman fırlanır. Yəqin elə zaman uzatmağı, vaxt gecikdirməyi, hər gün bir söz danışmağı da bu səbəbdəndir. Amma bir daha deyirəm: Sülh müqaviləsi mütləq imzalanmalıdır. Bölgəyə sabitlik gəlməlidir. Müharibələr bitməlidir. Hesab edirəm, münasibətlər normallaşmaya doğru getsə, xalq tərəfindən Paşinyana mənfi təpki olmayacaq. Çünki hazırda Paşinyanın yürütdüyü yanlış siyasətin ən böyük ziyanını elə erməni xalqı çəkir.
-Ermənistanın yenidən 10 noyabr bəyannaməsi kimi götürdüyü öhdəliklərə əməl etməməsi baş verərsə, bunun nəticələri nə ola bilər?
-Bir tək onu deyə bilərəm ki, Azərbaycanın "dəmir yumruq”u yerindədir. Ermənistan yanlış siyasət yürütməklə, sülh müqaviləsinin imzalanması ilə bağlı zaman uzatmaqla, üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəliklərə əməl etməməklə yalnız və yalnız özünə ziyan vurur. Eyni zamanda mənim şəxsi qənaətim ondan ibarətdir ki, sülh müqaviləsi yaxın zamanlarda imzalanacaq. Praqadakı zəfərimizdən sonra isə bu ehtimalım və qənaətim daha da güclənib.








