İlham İsmayıl: "Rusiya Suriyadakı əməliyyatlardan sonra hədəfə çevrilib”.
Aprelin 3-də Sankt-Peterburq şəhər metrosunda terror aktı törədən Qırğızıstan vətəndaşının kimliyi açıqlanıb. Qırğızıstan xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, partlayışı törədən şəxs 1995-ci ildə Oş vilayətində anadan olmuş, Rusiya vətəndaşı Əkbərcan Cəlilovdur. Hadisəni araşdıran Rusiya İstintaq Komissiyası terror aktının Əkbərcan Cəlilov tərəfinən həyata keçirildiyini təqdiqləyib. Qeyd edək ki, terrakt nəticəsində 14 nəfər ölüb, 45 nəfər yaralanıb.
Rusiyanın "Kommersant” informasiya agentliyinin yazdığına görə İŞİD terror qruplaşmasına bağlı olan şəbəkə Sankt-Peterburq şəhərində silsilə qətllər törətməyə hazırlaşır. Mənbə onu da bildirir ki, İŞİD-lə əlaqəli olan terrorçu bombanı metroya arxa çantasında keçirib. O, partlayıcı qurğunu işə salmamışdan əvvəl "Ploşad Vosstaniya” (Nümayiş meydanı) metrostansiyasına qoyub. Sonra qatara əyləşən kamikadze əldə hazırlanmış bombanı partladıb. Onun cəsədinin qalıqlarının DNT analizi keçirmək üçün ekspertizaya göndərilib. Hazırda Rusiya cəmiyyəti silsilə terror aktlarının davam etməsi xofunu yaşayır. Metrodakı partlayışın ardınca Həştərxanda silahlı şəxslər polis maşınına atəş açıb. Bu iki cinayət olayı arasında nə dərəcədə əlaqənin olduğu hələ müəyyənləşməyib. Ancaq Rusiyada xeyli müddətdir müşahidə olunan sabitliyin yenidən pozulması təhlükəsi yaranıb. Yaranmış vəziyyətin səbəbi ilə bağlı bir sıra ehtimallar irəli sürülür. Siyasi müşahidəçilər və media baş vermiş faciə ilə bağlı müxtəlif ehtimallar üzərində dayanır. Birincisi, Rusiyanın 2015-ci il sentyabrın 30-dan başlayaraq Suriyada həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar artıq bumeranq effekti verməkdədir. Yəni, Rusiyanın Suriyada hərbi qələbəsi ilə razılaşmayan İŞİD, "Ən Nüsrə” Cəbhəsi və digər terrorçu təşkilatlar terror aktları törətməklə Kremli siyasətindən çəkindirməyə çalışır.
İkincisi, Mərkəzi Asiyada radikal islamın yayılması bu bölgədə terrorçuluğun inkişafına səbəb olub. Həmin terrorçuların əksəriyyəti Suriya, İraq və digər ölkələrə Rusiya üzərindən keçməklə gedir. Yəni, Rusiya terrorçuların tranzit məkanına çevrilib. Bu yaxınlarda apardığımız araşdırmalar zamanı, Qırğızıstanın Etnik və Dini Məsələlər üzrə Dövlət Departamentinin, həmçinin müstəqil araşdırmaçı təşkilatların hesabatlarına əsasən İŞİD-in tərkibində 500 nəfər qırğız yaraqlısının döyüşdüyünü yazmışdıq. Böyük hissəsi Qırğızıstanın cənubundakı Oş vilayətindən olan bu döyüşçülərin Suriyaya Rusiya və Türkiyə üzərindən keçməklə getdiyi bildirilir.
2016-ci il dekabrın 31-də, İstanbulun "Reina” gecə klubunda kütləvi qətl törətmiş, İŞİD üzvü Abdulkadir Maşaripov da Özbəkistan vətəndaşı idi. Radikal islam terrorzmi amili Rusiyaya Mərkəzi Asiyada hərbi mövqelərini gücləndirmək üçün əlverişli siyasi bəhanə ola bilər. Qırğızıstanda və Tacikistanda hərbi bazalar saxlayan Rusiya hazırda eyni addımı Özbəkistanda atmağa çalışır.
Digər ehtimal isə terror aktının baş verməsində Rusiya hakimiyyətinin özünün maraqlı olması və ya məlumatlı olduğu halda onun qarşısını almamasıdır. Son günlər Rusiyada etiraz aksiyalarının baş qaldırmasından narahat olan Putin iqtidarı ictimai rəyi yayındırmaq üçün terror aktının baş verməsinə mane olmaya bilər. Qeyd edilən rəy və mülahizələri təhlil edən təhlükəsizlik üzrə ekspert İlham İsmayılın sözlərinə görə Rusiya hakimiyyətinin terror aktında maraqlı olması fikri inandırıcı görünmür:
"Navalnının keçirdiyi mitinqlər Putin hakimiyyətini laxlada biləcək qədər güclü deyildi. Ona görə də Rusiya hakimiyyəti bu qətlin törədilməsində maraqlı ola bilməz. İctimai rəyi dəyişdirmək üçün Putinin əlində daha başqa vasitələr var. Hər hansı bir bir terror həmin dövləti zəiflədir, gücləndirmir. Onun imicini, nüfuzunu dünya miqyasında aşağı salır. Rusiyanın Mərkəzi Asiyaya müdaxiləsinə gəlincə, bunun üçün əlavə belə tədbirlərə ehtiyac yoxdur. Onsuz da həmin bölgədə Rusiya dominantlıq edir.
Qalır Mərkəzi Asiya insanlarının radikal islamçılığa meyillənməsi. Bir tərəfdən kütləvi yoxsulluq, digər tərəfdən qonşuluqda Əfqanıstan, Pakistan kimi ölkələrin təsiri, insanların pulla ələ alınması, ideoloji təbliğat bu bölgədə terrorçuların artmasına səbəb olub”.
İlham İsmayıl hesab edir ki, Sankt-Peterburqdakı terror hadisəsinin Rusiyanın Suriyadakı əməliyyatlarına cavab olması ehtimalı daha yüksəkdir:
"Rusiyadan öncə terror Fransada baş verdi. Çünki İŞİD-ə qarşı aviazərbələri Fransa həyata keçirmişdi. Qərb, NATO qüvvələri geri çəkildiyindən indi Rusiya hədəfə gəlib. Rusiyada bu işləri görmək həm çətindir, həm də asandır. Belə terror aktlarını metroda həyata keçirmək daha asan hesab olunur. Çünki metro insan kütləsinin toplaşdığı ən zəif bənddir. Hamını bir-bir yoxlamaq mümkün deyil”.//cebhe.info
7News.az








