Polşa İkinci Dünya Müharibəsində vurduğu zərərə görə, Almaniyadan 6,2 trilyon zlot (1,32 trilyon dollar) təzminat tələb edəcək.
7NEWS.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hakim "Hüquq və Ədalət" partiyasının lideri Yaroslav Kaçinski deyib.
O bildirib ki, təzminat tələb etmək Polşanın öhdəliyidir.
Kaçinski iddia edir ki, həmin müharibənin ilk qurbanı olan ölkəyə hazırda Avropa İttifaqındakı əsas tərəfdaşlarından biri olan Almaniya tərəfindən tam kompensasiya ödənilməyib.
Müharibə dövründə Polşaya vurulan zərərin hesablanması üçün 2017-ci ildən 30-a yaxın iqtisadçı, tarixçi və digər ekspertlərdən ibarət qrup hesabat üzərində işləyir. Hesabat bu gün təqdim olunacaq.
Almaniya bildirir ki, Şərq Bloku ölkələrinə müharibədən sonrakı illərdə təzminat ödənilib, Polşanın sərhədləri yenidən çəkildiyi üçün Şərqdə itirdiyi ərazilər isə Almaniyanın müharibədən əvvəlki bəzi torpaqları ilə kompensasiya edilib. Berlin məsələnin qapandığını artıq bəyan edib.
Polşa hökuməti isə Sovet İttifaqının təzyiqi altında ölkənin o vaxtkı kommunist liderlərinin 1953-cü il bəyanatını rədd edərək, Almaniyaya qarşı daha heç bir iddia irəli sürməməyə razılaşdığını, ancaq artıq bunun keçərli olmadığını bəyan edir.
7NEWS.Az








