Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluqda təqsirləndirilən Əli Quliyev, İlham Abbasov və Teyyub Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rahib Salamanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Əli Quliyev və İlham Abbasov 10 il, Teyyub Teymurov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İlham Abbasov, Abşeron rayon sakini Əli Quliyev və Lənkəran rayon sakini Teyyub Teymurov tutulublar. Aparılan istintaq zamanı müəyyən edilib ki, qabaqcadan əlbir olan dəstə üzvləri özgənin əmlakını ələ keçirmək məqsədilə başlarına maska keçirərək, Mərdəkan qəsəbəsində yaşayan vətəndaş Nelli Seyfullayevanın evinə daxil olaraq ev sahibinin əl-ayağını, həmçinin ağzını yapışqanlı lentlə bağlayaraq ondan pul tələb ediblər. Nəticədə quldurlar zərərçəkənin min manat pulunu və bir ədəd mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıblar. Araşdırma zamanı o da məlum ki, dəstə üzvlərindən iki nəfər - İlham Abbasov və Teyyub Teymurov bir müddət əvvəl həmin mənzildə fəhlə kimi işləyiblər və bu səbəbdən evdə pul olması barədə onlarda məlumat olub. Faktla bağlı Xəzər rayon polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb./lent.az
7News.Az








