RU
Qadınlar
13:36
708

Qadınlar "prava" imtahanına "ŞORTİK"lə girə bilər, kişilər isə YOX - Kamran Əliyevdən SƏRT AÇIQLAMA

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb.

7News.Az-ın xəbərinə görə, texnobloqqer Fərid Pərdəşünas bildirib ki, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb:

 
"Səbəb isə əynimdə şortik olması idi. Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu ictimai asayişin pozulmasıdır. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı”.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "MediaPost"a açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur. O, bildirib ki, hətta adi restoranlar kommersiya təşkilatları olsa da, müəyyən geyim formaları var ki, buna görə insanlar içəri buraxılmır:

"Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən düzgün deyil. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq etdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın qısa paltar da geyinə bilər, "şortik" də. Heç kim heç nə deyə bilməz, bu onun haqqıdır. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinərək gəlməsi uyğun deyil. Bizdə kişilərin o formada geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bəlkə də hələ o dövr çatmayıb. Buna görə də kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz deyil. Ora gələn digər şəxslərin tələbi ilə əlaqəlidir".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ