Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətinin arxa planında Səudiyyə Ərəbistanının Kral ailəsinin daxilində yaşanan qarşıdurma və düşmənçilik dayanır.
7News.Az xəbər verir ki, bu haqda ABŞ-ın "Vaşinqton Post” nəşri yazıb.
Kral Abdullahın 2015-ci ilin yanvarında ölümündən sonra xanədan içində iqtidar savaşının başladığını yazan nəşrə görə, Kral Abdullahın oğlu Turki bin Abdullah ilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın tərəfdarları arasında yaşananlar "casusluq romanları”nda baş verənlər səviyyədəsindədir.
Məqalənin müəllifi Devid İgnatius Səudiyyə Ərəbistanı üzrə mütəxəssis olan Amerika və avropalı mənbələrə istinad edərək bildirir ki, vəliəhd şahzadə iqtidarı ələ keçirdikdən sonra düşmən hesab etdiyi şəxslərə qarşı sərt mövqe sərgiləyir, ölkə daxilində və xaricindəki müxaliflər qaçırılaraq gizli bölgələrdə işgəncə ilə sorğulanır.
Onun sözlərinə görə, qanunsuzluq və qəzəb bataqlığı Qaşıqçını da içinə çəkmişdi.
"Kəşfiyyat məlumatlarını gözdən keçirən ABŞ və səudiyyəli mütəxəssislərin təməl nöqtəsi budur: Qaşıqçı Ər-Riyaddakı kraliyyət tərəfindən göndərilən, 18 ay əvvəl yaradılmış və operativ hərəkət qabiliyyəti olan bir qrup tərəfindən öldürüldü. Qaşıqçının təhrikedici fəaliyyəti, Qətər və Türkiyə ilə olan bağları vəliəhd şahzadəni qəzəbləndirirdi və 2018-ci ilin iyulunda Qaşıqçının ölkəyə geri gətirilməsi əmri verilmişdi. ABŞ kəşfiyyatı üç ay sonra, Qaşıqcı İstanbulda itkin düşənə kimi bunu anlamadı”, - məqalədə qeyd edilib.
7News.Az








