Dələduzluq yolu ilə vətəndaşları aldadan və külli miqdarda pul mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Apa TV-nin məlumatına görə, rayonlararası taksi fəaliyyəti ilə məşğul olan bir qrup sürücü Qaradağ Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək, tanımadıqları iki nəfər şəxs tərəfindən aldadıldıqlarını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Qail Nadirov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, müxtəlif vaxtlarda qeyd edilən ünvanda sürücülərə yaxınlaşan Q.Nadirov onlardan içərisində kompüter avadanlığı, həmçinin guya müxtəlif operatorlara məxsus bahalı mobil telefon nömrələr olan bağlamaları gedəcəyi rayona aparmalarını və orada gözləyən adama çatdırmağı xahiş edib.
Bunun müqabilində isə rayonlarda guya həmin bağlamaları qəbul edəcək adamın ödəyəcəyi pulu bəri başdan taksi sürücülərindən dələduzluq yolu ilə alıb.
Zərərçəkənlərin etimadını qazanmaq üçün isə Q.Nadirov guya bağlamanı qəbul edəcək adamla telefon əlaqəsi yaradaraq onun taksi sürücüləri ilə danışmasını da təşkil edib. Taksi sürücüləri ünvana çatdıqda onlara pulu qaytarmalı olan şəxslə əlaqə saxlaya bilməyib və aldadıldıqlarını anlayıblar.
Qeyd edək ki, sürücülərə təqdim olunan bağlamalardakı kompüter avadanlıqları işlək vəziyyətdə olmayıb, telefon nömrələri isə qeyd etdikləri kimi bahalı yox, adı sim kartlar olub.
Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Q.Nadirovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.








