Prezident İlham Əliyevin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu Mədəniyyət və turizm naziri Əblüfəs Qarayev Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib.
Nazir turizm sahəsinin inkişafını prioritet hesab edən Prezident İlham Əliyevin tələb və tapşırıqlarına uyğun olaraq ölkədə davamlı tədbirlər həyata keçirildiyini bildirib.
Ə.Qarayev deyib ki, ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir.
Nazir, həmçinin son illər turizmdən gələn gəlirlərdən söz açıb və Birinci Avropa Oyunları kimi möhtəşəm tədbirlərin ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə xidmət edəcəyini bildirib.
O, həmçinin hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olduğunu və bu prosesin davam etdirildiyini vurğulayıb.
Ə.Qarayev ölkəmizdə turizmin inkişafına Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə böyük töhfə verdiyini qeyd edib.
Mingəçevir Turizm Kollecinin dünyanın 10-dan çox ölkəsinin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, beynəlxalq təhsil proqramlarından bəhrələndiyini deyən nazir Ə.Qarayev kollecin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirib.
Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov bildirib ki, hazırda kollecdə 12 ixtisas üzrə 1823 nəfər tələbə təhsil alır: "Mingəçevir Turizm Kolleci tərəfindən davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. Artıq 10 ildir ki, təhsil ocağında turizm və onun təşkili, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, bədən tərbiyəsi və idman, xarici dil, ibtidai sinif müəllimliyi, mühasibat uçotu, turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və dekorativ tətbiqi incəsənət və xalq sənəti, reklam işi, muzey işi və abidələrin mühafizəsi, dizayn, nəqliyyatda daşınmaların təşkili, məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə kadrlar hazırlanır. Ötən 10 il ərzində kollecin 5 mindən çox məzunu olub ki, onlar da hazırda turizm sahəsində uğurla çalışırlar. Ölkəmizdə turizm sahəsində ixtisaslı kadrlara olan tələbatın artması nəzərə alınaraq növbəti tədris ilində kollecdə yeni ixtisasların açılması planlaşdırılır"./trend
7News.Az








