RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Həşimov Şirvan şəhər polis şöbəsinə müraciət edərək bildirib ki, Şirvan şəhərinin ərazisində olan zaman icra hakimiyyətində mühasib işləyən iş yoldaşı Rəşad adlı şəxslə mübahisə edib.
İ.Həşimov ərizəsində qeyd edib ki, mübahisə zamanı həmin şəxs ona fiziki güc tətbiq edərək ünvanına təhqiredici və alçaldıcı ifadələr işlədib. Faktla bağlı araşdırma aparılır.
Politika.Az xəbər verir ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov açıqlamasında məlumatı təsdiqləyib:
"Bu hadisə hardasa 20 gün olar ki, baş verib. Əslində dava icra hakimiyyətində düşməyib. Rəşad ucqar kəndə işləyir. Vaxtı-vaxtında işə gedib-gəlmirmiş. İbad Həşimov da ona bununla bağlı xəbərdarlıq edib. Deyib ki, sənin işə münasibətinlə bağlı şikayət var.
Axşam Rəşad içki içib, keflənib və İbad Həşimovun evinə gedib. Deyib ki, "sən kimsən ki, məni danlayırsan”. Ona əl-qol atıb. Səs-küyə polislər gəlib. Rəşad polislərə də müqavimət göstərib. Ona 10 sutka həbs veriblər”.
Ə.Məmmədov qeyd edib ki, Rəşad həbsdən çıxan kimi ərizə yazıb işdən ayrılıb: "Dedi ki, daha burada işləyə bilmərəm”.
Politika.Az xəbər verir ki, icra başçısı Əhməd Muxtarovun bərbad kadr siyasətinin nətivəsində məmurlar əlbəyaxa olurlar və iş həbsə qədər uzanır. Muxtarov neçə ildir ki, rayona rəhbərlik edir.
Ancaq görünür ki, onun kadr siyasəti fəlakətdir. Biri içki içib şöbə müdiri ilə dalaşır, digəri işə məsuliyyətsiz yanaşmağa görə onu danlayır. Deyəsən, Hacıqabul RİH-də işə gedib-gələn yoxdur.
İcra başçısının ən etibarlı kadrı köməkçisi Afiq Kərimov və mətbuat katibi Əsabil Məmmədovdur. Onlar mətbuatla daim təmasdadır. Əgər Ə.Məmmədov olmasaydı, icra başçının biabırçı fəaliyyəti mediada daha çılpaq şəkildə qabarardı.
Onun hesabına icra başçısının əməlləri ört-basdır olunur. Hacıqabulda heç bir iş görməyən Muxtarovun bu müddətdə ayrılan vəsaitləri mənimsəməsi əsas vəzifəsi olduğu bildirilir.
Bundan sonra dotasiya da kəsilir və icra hakimi təşviş içindədir. Belə vaxtda isə mühasiblə şöbə müdirinin davası da maraq doğurur.
Hadisənin maliyyə üstündə baş verdiyi də istisna edilmir. Çünki işə gecikməyə görə bir davanın olması ağlabatan deyil. Bununla bağlı araşdırmalarımız davam edir./politika.az
7News.Az








