Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən 7news.Az-a verilən məlumata görə, iclasda magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısı, monitorinq imtahanlarının nəticələri, dövlət qulluğuna qəbul sahəsində görülən işlər və s. məsələlər müzakirə olunub.
Magistraturaya qəbul imtahanının II mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısı ilə bağlı M.Abbaszadə qeyd edib ki, siyahıya rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir və bu bakalavrların magistraturaya qəbul imtahanının II mərhələsinə hazırlaşmasına çətinlik yaradır: "Məlumdur ki, bəzi ali məktəb müəllimləri Azərbaycan dilində elmi ədəbiyyatın və elektron resursların azlığı səbəbindən xarici dildə olan ədəbiyyatı tərcümə edərək tələbələrə təqdim edirlər və ya bu materialları hansısa internet resurslarında yerləşdirirlər. Lakin ali məktəblər tərəfindən təqdim olunan ədəbiyyat siyahısında mənbə kimi hər hansı internet resursların adlarına rast gəlinmir".
Sədr təklif edib ki, ali təhsil müəssisələrinin qarşısında elmin aparıcı sahələri üzrə internet resurslarının yaradılması və istifadə olunan əsas tədris materiallarının orada yerləşdirilməsi məsələsi qaldırılsın.
"Hazırda tərəfimizdən ali təhsilin məzmunu ilə əmək bazarının tələbləri, yəni dövlət orqanlarının iş axtaranlara dair qoyduqları tələblərin müqayisəsi üzrə araşdırma aparılır. Bu araşdırmanın nəticələri də yaxın zamanlarda Şura üzvlərinə təqdim olunacaq", - deyə, sədr bildirib.
Növbəti müzakirə olunan məsələ - monitorinq imtahanları ilə bağlı M.Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur. İngilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilib. Nəticələrin təhlili göstərir ki, qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə "siz necə düşünürsüz” tipli suallarda imtinaların sayı daha yüksəkdir (70 %).
Bununla bağlı sədr qeyd edib ki, həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir ki, problemin həlli yolu müəyyən edilsin.
Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən Şura üzvü Ceyhun Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilmiş və nəticələr təhlil olunub. Müzakirələr zamanı qeyd olunub ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.
Dövlət qulluğuna qəbul sahəsində görülən işlər barədə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov məruzə edib. B.Xəlilov elan edilmiş müsabiqələrin müsahibə mərhələsi üzrə statistik göstəriciləri (o cümlədən hər bir dövlət orqanı üzrə ayrılıqda) təqdim edib. Məruzəçi göstərib ki, 1315 vəzifə üzrə müsabiqənin müsahibə elanı verilib.
11 yanvar 2018-ci il tarixli elan üzrə 1700 müraciət qeydə alınıb, baş tutan 306 müsahibədə namizədlər uğur əldə edib, 540 müsahibə üzrə isə uğur qazanan olmayıb. Ümumilikdə 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173 vakant vəzifəyə 272 namizəd uyğun hesab edilib, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun bilinməyib.
Yanvarın 26-da müsahibə elanı üzrə 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15 vakant vəzifəyə 15 namizəd uyğun bilinib, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.
Yuxarıda qeyd edilən elanlar üzrə 1808 müraciət qeydə alınıb və həmin müraciətlərə uyğun olaraq müsahibə qrafikləri hazırlanıb, qanunvericiliyə uyğun olaraq dövlət orqanı, Mərkəzin nümayəndəsi və müstəqil ekspertdən ibarət müsahibə komissiyaları yaradılıb və müsahibələrin keçirilməsi üçün digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Lakin statistikaya əsasən, müsahibələrdə iştirak üçün müraciət etmiş namizədlərin 50%-i müsahibədə iştirak etməyib.
Belə ki, 483 namizəd müsahibələrdə iştirak etməkdən imtina edib, 412 namizəd isə üzrlü səbəb olmadan müsahibələrdə iştirak etməyib. Halbuki, həmin şəxslərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılıb, onlarla keçiriləcək müsahibələrin vaxtı və yeri müəyyən edilərək Mərkəzin və dövlət orqanın internet portalında yerləşdirilib, şəxsi işləri müsahibə üçün hazırlanıb, müsahibə qrafikinə uyğun olaraq müsahibədə iştirakla bağlı mütəxəssis və ekspertlər cəlb olunub, müsahibənin keçirilməsi üçün Mərkəzin və dövlət orqanının nümayəndəsi müsahibə komissiyasına cəlb edilib. Bu işlərin həyata keçirilməsi ilə bağlı Mərkəz və dövlət orqanı tərəfindən kifayət qədər işçi qüvvəsindən və maddi resurslardan istifadə olunub.
Qeyd olunanlara əsasən, B.Xəlilov tərəfindən dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı keçirilən müsahibələrin səmərəli təşkilinin təmin edilməsi məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə təkliflər Şura üzvlərinin müzakirəsinə çıxarılıb.
Şura üzvləri təkliflərlə tanış olduqdan sonra növbəti iclasda məsələ ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.
7news.Az








