"Rusiyanın aviaşirkətlərinə Gürcüstana reys yerinə yetirməsinə qoyulmuş qadağa zəruri ilkin şərtlər yaradılandan sonra ləğv oluna bilər”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "RİA Novosti”yə müsahibəsində deyib.
O bildirib ki, Rusiya davam edən COVID-19 pandemiyası şəraitində ayrı-ayrı dövlətlərlə aviauçuşların bərpası ilə bağlı qərar verərkən ilk növbədə bu və ya digər ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alır.
XİN başçısının müavini əlavə edib ki, Gürcüstanla bağlı siyasi faktor da nəzərə alınmalıdır: "Birbaşa reyslərin ləğvi müvəqqəti xarakter daşıyır və aradan qaldırıla bilər. Bunun üçün şərtlər Gürcüstan tərəfinə yaxşı bəllidir və onları təkrarlamağa ehtiyac yoxdur”.
A.Rudenko vurğulayıb ki, uçuşlara 2019-cu ilin iyulundan tətbiq edilən qadağa gürcü radikallarının törətdiyi məlum anti-Rusiya təxribatına cavab olaraq məcburi addım kimi atılıb.
7NEWS.Az







