Gənc rəssamın 300-dən artıq gəlinciklərdən ibarət sərgisi öz qeyri-adiliyi və fərqliliyi ilə cəmiyyərtə az qalsın, şok effekti yaradıb.
Müəllif Big.az-a müsahibsəsində sərgi ilə bağlı maraqlı məqamlara toxunur.
-Vüsal, gəlinciklərdən ibarət "My name is Sarah” adlı +18 sərgini reallaşdırmaq ideyası necə yarandı?
-İlk öncə qeyd edim ki, bu sərgini 2015-ci ildə hazırlamışam. Kolleksiya elə həmin il, öncə Amerikada, daha sonra isə Rusiyanın Perm şəhərində sərgilənib. Bura 300 kukla, 10 yağlı boya, 4 heykəl daxil idi. Onu da deyim ki, sərgim Permdə nümayiş olunan zaman böyük bir qalmaqal olmuşdu. Sərgi haqda 60-dan çox məqalə dərc edilmişdi. Nümayişdən sonra Rusiyada məhkəməyə verilmişdim. Amma sonra mən haqlı çıxdım deyə iddia ləğv olundu.
Bu kolleksiyanın yaranma ideyasına gəlincə, mən 2012-ci ildə "My name is Sarah” adlı kiçik bir cızma-qara etmişdim. Amma hekayəni yarımçıq saxlamışdım. Hələ də bitirməmişəm. O yazıdan bəhrələnərək, 2015-ci ildə bu kolleksiyanı yaratdım.
-Sərgi neçə gün davam edəcək və nə kimi reaksiyalar gözləyirsiniz?
-Üç gün davam edən sərgi artıq bu gün bitir. Bu sərgini Bakıda reallaşdırmaq sanki içimdə bir yük kimi qalmışdı. Təsəvvür edin, 2-3 il öncə yaranan kolleksiya heç cür nümayiş olunmurdu.
-Səbəb nə idi?
-Əsərlərimi nümayiş etdirmək üçün bir neçə qalereyaya müraciət etmişdim. Onlar əvvləcə "hə” deyirdilər, sonra isə dediklərinə görə, təmirə bağlanırdılar. Sağ olsun, Elmin Bədəlov rəhbəri olduğu ADO Teatrında kolleksiyamı sərgiləmək imkanı yaratdı. Düşünürəm ki bu, yaddaqalan sərgi olacaq.
-Azərbaycan ictimaiyyəti bu sərgini necə qarşıladı?
-Düzdür, kütlənin bu sərgidən xəbəri yoxdur. Çünki mətbuatda geniş işıqlandırılmır. Amma deyim ki, kolleksiyanı görənlərdə şok effektini yaradır. Burada bir insanın ümumiləşmiş hekayəsi olsa da, bəziləri özlərini kolleksiyada görürür, bəziləri fotolara baxıb, sanki diksinir, reallıqla qarşılaşırlar. Yəni bu sərgidə, bu adın altında çox mesajlar var... Bu, bir qadının hekayəsidir. Əslində, hər bir insanın həyatında baş verən hadisələr məhz bu sərgidə bu və ya digər mənada özünü əks etdirir.
-Bu kolleksiya ilə insanlara, ictimaiyyətə, cəmiyyətə nə demək istəmisiz?
-Obrazın qəhrəmanı 40 yaşlı fahişə qadındır. O, əslində öz həyatını tükətmiş bir insandır. Gəlinciklər paklıqdır, uşaqlıqdır. Qadın öz gəlinciklərə - uşaqlığına, geriyə baxır, özü ilə dialoqa girir. Yəni burada saflığın içində bir çirkab var. Paklıqla çirkablıq sanki birləşir... Yenə də deyirəm, burada bir adın altında çox adlar, insanlar ola bilər.
-Bəs Sara özü milliyyətcə kimdir? Məncə, maraqlı məqam budur.
-Əslində, arami dilində Sara sözünün mənası pak xanım deməkdir. Dini mifologiyada İsa peyğəmbərin qızının adı Saradır. Sara İsanın Mariya Maqdalenadan olan qızdır.
Pravoslav və katolik kilsələr Mariya Maqdalenanın şəxsinə müxtəlif mövqelərdən yanaşırlar. Pravoslav kilsəsi ona sülh, müjdə daşıyıcısı kimi baxır. Katolik kilsəsi isə əksinə onun şəxsinə Maqdaladan olan bir fahişə kimi görür. İsa Peyğəmbərin köməkliyi ilə paklandığı qeyd olunur. Yəni Sara pak qız rəmzidir. Amma onun yarandığı yer belə demək mümkünsə çirkablıqdır. Mən də sərgini bu mövzu ilə birləşdirdim.
-Maraqlıdır, bəs sonda Saranın aqibəti necə olur?
-Sara həyatda yaşadıqları ilə üzləşdikdən, yüzlərlə gəlinciklə dialoqdan sonra kütlənin içinə qarışaraq yox olur. Uşaqlığı, paklığı ilə üzləşəndən sonra onların içinə qarışıb yox olur.
-Necə düşünürsüz, Azərbaycanda sərginiz necə qarşılanacaq?
-5-6 illik yaradıcılığım var. Bundan əvvəlki mövzularım da sosial, gender problemləri idi. Yəni məni izləyənlər, yaradıcılığımda nə ilə üzləşəcəklərini öncədən bilirlər. Təbii ki, cəsarətli olduğumu deyirlər. İşlərin savadlı və ağır mövzular olduğunu deyirlər. Hər şeyin əksi var. Gözəlliyin əksi çirkinlikdir. Sevginin əksi ağrıdır. Həyatın həm şirin, həm də acı tərəfi var...
7News.az



















