Hikmət Hacıyev: "Diplomatik kanallar vasitəsilə həmsədr ölkələrə mövqeyimizi çatdırırıq”
"Ermənistanın dövlət başçısının Hamburq görüşü ərəfəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ATƏT ölkələri xarici işlər nazirlərinin toplantısı ilə hansısa bir əlaqəsinin olduğunu demək çətindir. Amma Sərkisyanın bu səfəri erməni tərəfinin növbəti təxribatıdır”.
Bu fikirləri XİN-in mətbuat katibi Hikmət Hacıyev "Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Diplomat dedi ki, Hamburq danışıqlarında erməni tərəfindən konstruktiv addım gözlənildiyi halda, Ermənistan XİN başçısı Fransanın təklif etdiyi 2+3 formatında xarici işlər nazirlərinin görüşündən imtina etdi. Digər tərəfdən, bu, açıq-aşkar göstərir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürüdür və status-kvonun dəyişməsinə imkan verməməyə çalışır”.
Ancaq buna baxmayaraq, rəsmi Bakı danışıqlardan imtina etmək niyyətində deyil.
H.Hacıyev: "Azərbaycan hesab edir ki, münaqişənin danışıqlar yolu ilə həlli imkanları tükənməyib. Masada Sankt-Peterburq danışıqlarından irəli gələn təkliflər var. Ermənistan danışıqların pozmağa çalışır”.

Bəs, Azərbaycan XİN S.Sərkisyanın qanunsuz səfəri ilə bağlı dünya birliyinə niyə müraciət etməyib? H.Hacıyev bildirdi ki, müvafiq addımlar atılıb: "Diplomatik kanallar vasitəsilə həmsədr ölkələrə mövqeyimizi çatdırırıq. Təəssüflər olsun ki, həmsədrlərin bəyanatları ünvanlı deyil. Bu da Ermənistanın özbaşınalığına şərait yaradır”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası da göstərdi ki, bu təşkilat münaqişələri həll etməkdə acizdir: "Almaniyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni heç nə gətirmədi. Hamburq toplantısından sonra ATƏT-ə sədrlik Avstriyaya keçir. Ancaq bu ölkənin də çox təşəbbüskar olacağını gözləməyə dəyməz. ATƏT-də sədrlik simvolik mahiyyət daşıyır. Qazaxıstan ATƏT-ə sədrlik edəndə Astanadan daha çox gözlənti var idi. Çünki, Qazaxıstanın Azərbaycan və Ermənistanla müxtəlif siyasi, iqtisadi və hərbi platformalarda yer alıb və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu münaqişə haqqında daha çox bilgilidir.

Ancaq Astananın təşəbbüsləri də nəticə vermədi. ATƏT toplantılarında iştirak edən Minsk Qrupu həmsədr dövlətlərinin ya dövlət başçıları, ya da xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı adətən, ortaq bəyanatla çıxış edirlər. Hamburqdakı toplantıya dövlət başçıları qatılmadılar. Ona görə də budəfəki ortaq bəyanat Rusiya və Fransa xarici işlər nazirlərinə, o cümlədən ABŞ dövlət katibinə aiddir. Maraqlıdır ki, Suriyadakı müharibəyə, Krımın işğalına və Donbasdakı duruma fərqli baxan Rusiya, ABŞ və Fransa Qarabağ məsələsində yekdil mövqe ortaya qoyurlar”.
Ancaq politoloq qeyd etdi ki, bu mövqenin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri yoxdur: "Əksinə, 3 ölkənin diplomatik qurumları rəhbərlərinin budəfəki ortaq bəyanatının mətni Azərbaycana qarşı ultimativ tonda yazıldı. Bəyanat sanki Azərbaycana xəbərdarlıq mahiyyəti daşıyırdı. İşğala məruz qalan Azərbaycan, ancaq ATƏT işğal faktını ortadan qaldırmaq əvəzinə, Azərbaycana barmaq silkələyir ki, "torpaqları güc yolu ilə azad etmə” Məsələn, həmsədrlərin ortaq bəyanatında deyilir ki, "münaqişənin hərbi yolla həlli yoxdur”. Axı, alternativ həll yolu da işləmir. Biz nə etməliyik, əbədiyyətə qədər gözləməliyik ki, nə zaman İrəvan insafa gəlib özü torpaqları azad edəcək? Bəyanatdakı "biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik” ifadəsi də qeyri-müəyyəndir. Döyüş meydanında tərəflər bir-birlərini öldürməyə çalışırlar.
Bu, hər yerdə belədir. Rusiya və ABŞ təyyarələri Suriyanın və ya İraqın müxtəlif məntəqələrini bombalayanda mülki əhali arasında da itkilər olur. Hər belə bombardmandan sonra Suriyada və İraqda yüzlərlə dinc sakin həlak olur”.
Ekspert dedi ki, sənəddəki "Biz tərəfləri ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq” bölümü də birbaşa Azərbaycana ünvanlanmış mesajdır: "Çünki, rəsmi Bakı cəbhə bölgəsindəki toqquşmaların qarşısını almaq üçün monitorinqin keçirilməsində maraqlı deyil. Bu monitorinq işğalın rəsmiləşdirilməsi və Azərbaycanın torpaqları geri almaq hüququnun əlindən alınması deməkdir. "Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq” – bu cümlənin birinci hissəsi elə həmsədrlərin özlərinə aiddir. Çünki, danışıqlar prosesində irəliləyişin əldə olunmamasına görə onlar da məsuliyyət daşıyırlar. Cümlənin ikinci hissəsi də qeyri-müəyyəndir. Çünki, həmsədrlər aprel döyüşlərinə görə Azərbaycanın və Ermənistanın eyni məsuliyyət daşıdıqlarını bildirdilər. Belədirsə, həmsədrlər cəbhə bölgəsində növbəti toqquşmaya görə də məsuliyyəti ancaq bir dövlətin üzərinə qoymayacaqlar. Cəbhə bölgəsində vəziyyət bu gün də gərgindir, üstəlik Ermənistan prezident Serj Sərkisyan Hamburqda ATƏT toplantısı davam edərkən, Dağlıq Qarabağda hərbi müşavirə keçirdi. Bunun özü təxribatdır.
Ancaq bu təxribatına görə ATƏT həmsədrləri Sərkisyana etiraz etmirlər”.

E.Şahinoğlu qeyd etdi ki, həmsədrlərin bu günlərdə verdiyi bəyanatın sonuncu abzası münaqişənin necə həll olunması mexanizminə həsr olunub: "Bəyanatın bu hissəsində yeni heç nə yoxdur. Madrid planında nə varsa, həmsədrlərin sonuncu abzasında yer alıb. Həmin abzasdakı bircə maddədən başqa bütün digər maddələr Azərbaycan üçün münasibdir. Həmin cümlə də "gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi” ifadəsindən ibarətdir. Rəsmi Bakı bu maddəni belə görür: "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ öz statusunu müəyyənləşdirə bilər”. Ümumiyyətlə, beynəlxalq vasitəçilərin "ərazi bütövlüyü” ilə "xalqların öz müqəddəratını təyin etməsi” prinsiplərini bərabər tutması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək”.//musavat.com
7News.az








