Qərbi Avstraliyanın Kununarra şəhərində sevgililər maşınlarını oğurlamaq istəyən soyğunçuların dalıyca lüt qaçıblar.
Bu barədə "6PR" radiostansiyasının saytı yazır.
Belə ki, aprelin 12-də Qreqori Mey və sevgilisi Saya Linnajervi gecə saat 2-də avtomobillərinin motorunun səsinə oyanıblar. İki yeniyetmə onların maşınını oğurlamağa çalışıb. Sevgililər yataqdan dik atılaraq elə çılpaq halda oğruların dalıyca düşüblər.
Avtomobil hərəkət etdikdə tamamilə lüt olan Mey maşının ayaq panelinə tullanaraq qapısını açıb və sükan arxasındakı adamı qorxudub. Həmin şəxs qaza basaraq sürəti artırıb.
Avtomobil başqa maşına, zibil qutusuna, daha sonra hasara dəyərək zədələnib, lakin sonda Qreqori oğrunu itələyərək maşını dayandıra bilib. Yeniyetmələr hadisə yerindən uzaqlaşıblar.
Mey təkcə qolundakı kəsik yarasıyla canını qurtarıb, lakin başına gələnlərə baxmayaraq, yenə də çılpaq yatmağa davam edəcəyini bildirib:
"20 ildir ki, paltarsız yatıram və nəyisə dəyişmək fikrində deyiləm".









