Somalinin şimalında, Bossaso şəhərinin hava limanında təhlükəsizlik qüvvələri arasında baş verən atışmada ən azı 11 nəfər həlak olub.
Bu barədə "Somali Guardian” xəbər portalı məlumat yayıb.
Belə ki, Bossaso hava limanının təhlükəsizlik dəstəsi ilə xüsusi təyinatlılar qrupu arasında atışma baş verib. Buna səbəb Somalinin paytaxtı Moqadişodan humanitar yardım gətirən təyyarə olub.
Xüsusi təyinatlıların əsgərləri təyyarəyə daxil olmaqda israr etsələr də, mühafizəçilər onları içəri buraxmayıblar. Ölənlərlə yanaşı, yaralılar da var. Somali Federal Parlamentinin vitse-spikeri Sadia Samatar olan təyyarə boşalmadan Moqadişuya qayıtmaq məcburiyyətində qalıb.
Beş yüz mindən çox əhalisi olan Bosaso Puntland ştatında yerləşir. Federal hakimiyyət orqanları tərəfindən çatdırılan humanitar yardım son onilliklərdə ölkənin bu hissəsində görünməmiş quraqlıq səbəbindən aclıq astanasında olan vətəndaşlar üçün nəzərdə tutulub.








