Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “AN 12” yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən daha 3 nəfərin cəsədi tanınıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bununla da qəzada ölən 7 heyət üzvünün hamısının cəsədi tanınıb.
Qeyd edək ki, qəza nəticəsində ölən 7 heyət üzvünün cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Meyitlər tanınmaz halda olduğu üçün genetik ekspertiza təyin olunub. İndiyə kimi heyətin 3 azərbaycanlı və 1 ukraynalı üzvünün cəsədləri tanınaraq nəşləri ailələrinə təhvil verilib.
Onu da qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.
7News.Az








