Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama "Ağ ev"də jurnalistlər üçün ənənəvi nahar yeməyində bir araya gəlib.
7News.Az xarici mediaya istinadən bildirir ki, səlahiyyət müddəti bu il başa çatacaq dövlət başçısı sonuncu dəfə mətbuat işçiləri ilə bir araya gəlib. 2 min 700 nəfərin qatıldığı tədbirdə Obamanın şərəfinə KİV nümayəndələri və qonaqlar badə qaldırıb.
Ardınca "Ağ ev" rəhbəri zarafatla zəngin çxışına başlayıb. Onun ilk hədəfi Respublikaçılar partiyasından prezidentliyə namizdə, qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən Donald Tramp və Almaniya kansleri Angela Merkel olub:
"Ötən il bundan daha çox əylənmişdik. Səbəb sadədir. Bu qədər jurnalistin, kameranın, tanınmış simaların olduğu tədbirdə Tramp yoxdur. Yəqin bura ona layiq deyil. İndi bifşteks yeyə-yeyə Merkeli əsəbləşdirən mesajlar yazmaqla məşğuldur".
Obama digər namizəd, partiyadaşı Hillari Klintona da sataşıb və onu da gülüş hədəfi edib:
"Təsəvvür edin, Hillari gənc seçicinin rəğbətini qazanmağa çalışır. Bu yaxın qohumunuzun Feysbuka yeni abunə olmasına bənzəyir. Bu qohum isə təcrübəsiz olduğu üçün hər dəfə gülüş hədəfinə çevrilir".
Sonda Obama kövrəlib və rəmzi olaraq mikrofonu yerə buraxıb. Bu isə onun KİV nümayəndələri ilə son görüşünün olması mənasını verir.








