Türkiyənin narkotik əməliyyatı çərçivəsində barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz, "MasterChef" müsabiqəsinin münsifi Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum olub.
Bu barədə 7News.Az "TGRT Haber" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, istintaq çərçivəsində dindirilən Somer Sivrioğlunun narkotik testinin nəticəsi mənfi çıxıb. Aşpazın qanından və saqqalından götürülən nümunələrdə qadağan olunmuş maddə aşkarlanmayıb.
Xatırladaq ki, Somer Sivrioğlu məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində barəsində saxlanılma qərarı çıxan 14 məşhur şəxs arasında idi. Avstraliyada olan aşpaz Türkiyəyə qayıdaraq ifadə verəcəyini bildirmişdi.
Somer Sivrioğlu ilə yanaşı, Hafsanur Sancaktutan, Emir Can İğrek, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre (Fel) Öztürk, Ender Eroğlu və Enes Güler barəsində də saxlanılma qərarı çıxarılmışdı.








