Ukrayna ordusu Rusiyanın Orsk və Perm şəhərlərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Orsk şəhərinin meri Artyom Vorobyov hücumu təsdiqləyərək sakinləri küçəyə çıxmamağa çağırıb.
Məlumata görə, Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən Orskda Rusiyanın ən iri neft emalı müəssisələrindən hesab olunan "Orsknefteorqsintez” zavodu dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb.
Bildirilir ki, zavod ildə təxminən 6 milyon ton neft emal edir və Rusiyanın mühüm enerji obyektlərindən biri sayılır.
Eyni zamanda, pilotsuz aparatların Rusiyanın Perm diyarına da hücum etdiyi bildirilib.
Perm diyarının qubernatoru Dmitri Maxoninin sözlərinə görə, bu gün Perm bələdiyyə dairəsində yerləşən sənaye sahələrindən birinə Ukraynanın pilotsuz uçuş aparatı düşüb. Belə ki, işçilər təxliyə olunub, xəsarət alan olmayıb, obyektdə isə yanğın baş verib.
O qeyd edib ki, hadisə yerində fövqəladə xidmət orqanları işləyir və regionda PUA hücumu təhlükəsi rejimi qüvvədə qalır.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə yanğının Rusiyanın "Transneft” neft kəməri şirkətinə aid obyektdə baş verdiyi iddia olunur.
Yerli sakinlər isə Perm yaxınlığındakı Başkultayevo kəndi ərazisində yerləşən sənaye meydançasında güclü yanğın baş verdiyini bildiriblər. Əraziyə çox saylı yanğınsöndürmə və təcili yardım maşınlarının cəlb edildiyi qeyd olunur.
Rusiya mediasının məlumatına görə, təhlükəsizlik məqsədilə Orsk hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Həmçinin, Perm və Yekaterinburq hava limanlarında "Kovyor” planı tətbiq olunub.









