Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda (WUF13) post-münaqişə və iqlim dəyişikliklərinə həssas şəhərlərin bərpası üçün beynəlxalq işçi qrupunun yaradılması elan edilib.
"APA-Economics"in WUF13 çərçivəsində keçirilən "Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib.
Onun sözlərinə görə, işçi qrupunun əsas məqsədi post-münaqişə ərazilərin bərpası üçün "ağıllı, dayanıqlı yaşayış məntəqələri və təhlükəsiz qayıdış” (4S) konsepsiyası əsasında beynəlxalq təlimatların hazırlanmasıdır.
E. İskəndərov qeyd edib ki, hazırlanacaq sənəd şəhərsalma layihələrinin standartlaşdırılması, onların beynəlxalq meyarlara uyğunlaşdırılması və iqlim fondları, çoxtərəfli inkişaf bankları və digər donorların maliyyəsinə çıxışın asanlaşdırılmasına xidmət edəcək.
Onun sözlərinə görə, işçi qrupunun fəaliyyətinin nəticələrinin gələn il Azərbaycanda keçiriləcək Milli Şəhər Forumunda, yekun sənədin isə WUF14-də təqdim edilməsi nəzərdə tutulur.
Səfir bildirib ki, təşəbbüsə hökumətlər, BMT agentlikləri, qeyri-hökumət təşkilatları, iqlim fondları, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri könüllü əsasda qoşula biləcəklər.
E. İskəndərov əlavə edib ki, təşəbbüsün mərkəzində gənclərin rolu da xüsusi yer tutur və bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu tərəfindən "Davamlı şəhərlərin gələcəyində süni intellekt” mövzusunda beynəlxalq müsabiqə təşkil olunub.









