Xəzər Aslanovun adı istefaya göndəriləcək məmurlar sırasındadır.
Onun fəaliyyətsizliyi yuxarı dairələri qane etmir. Kadr islahatları zamanı X.Aslanovun da postundan gedəcəyi gözlənilir.
Rayonda hər hansı iş görməyən icra hakimi nə investor cəlb edib, nə sahibkarlığı inkişaf etdirib. Ondan ciddi şəkildə narazılıq hökm sürür. Üstəlik, onu himayə edən qüvvələrdən başqa hakimiyyətdəki digər güclərlə hesablaşmır.
Xızı rayonunda icra hakimiyyətinin başçısı Xəzər Aslanovun sahibkarlara qarşı "yürüşləri" ciddi problemlər yaradır.
Bölgənin aqrar sektorunda və yerli sənayedə müşahidə edilən durğunluğun səbəblərini məhz icra strukturları rəhbərlərinin özbaşınalığı ilə əlaqələndirirlər.
Düzdür, rayonda dövlət rəhbərliyinin yaşıl işıq yandırdığı bəzi tikinti işləri sayəsində müvəqqəti iş yerlərinin sayı artıb. Daimi iş yerləri isə əvvəlki illərə nisbətən azalmaqda davam edib.
Əhalisinin sayı 16-17 min nəfərə çatan Xızıda 2012-ci ildə kiçik sahibkarlıqla məşğul olanların sayı 399 nəfər idisə, son 3-4 ildə bu rəqəm kəskin şəkildə aşağı düşüb. Xızıda fəaliyyət göstərən sənaye müəssisələrinin sayında da heç bir artım olmayıb.
Rayonda sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi də xeyli aşağı düşüb. Əgər 2007-ci ildə Xızıda qeyri-dövlət sektoru üzrə sənaye məhsulunun həcmi ümumi məhsulun 52,1 %-ni təşkil edirdisə, hazırda bu sektorda statistika sadəcə yoxdur.
Xəzər Aslanovun yerli sahibkarların fəaliyyətinə yersiz müdaxilələri rayonda özəl sektoru çıxılmaz duruma salıb. Bu barədə xeyli nümunə gətirmək olar.
Rayonda fəaliyyət göstərən tikinti şirkətlərinin əsasən icra başçısının müavini Azər Əlizadə və başçının qeyri-rəsmi sağ əli sayılan tarix müəllimi Arzu Əzizovun nəzarətində olduğu deyilir.
Xəzər Aslanovun yaxın çevrəsinə aid edilən "Rabitə-Təmir-Tikinti" ASC tərəfindən 442 şagird yerlik Giləzi qəsəbə tam orta məktəbində 3 milyon 375 min 472 manat, 322 şagird yerlik Şurabad tam orta məktəbində isə guya 2 milyon 261 min 064 manat dəyərində bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb. Bu fırıldağın müəmmalı statistik uçotu da adamı lap dəhşətə gətirir.
"Rabitə-Təmir-Tikinti" ASC -nin rəqəmlərinə inansaq onda Giləzi qəsəbə tam orta məktəbində bir şagirdin boynuna yazılmış əsaslı təmir işlərinin həcmi 7636,8 manat, Şurabad tam orta məktəbində isə 7021,9 manat təşkil edir. Dünyanın heç bir ölkəsində analoqu olmayan şişirdilmə!
Xızının bu 2 məktəbində əsaslı təmir və bərkitmə işləri adı ilə "Rabitə-Təmir-Tikinti" ASC-nin hesabına üst-üstə 5636536 manat vəsait keçirilib.
Qeyd edək ki, bu məbləğ manatın devalvasiyasından öncəki vəziyyəti əks etdirir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən dövlət vəsaitlərinin bu şəkildə "tənzimlənməsi" camaatın nəzərindən heç də yayınmayıb.
Bu mənada ölkə başçısının ayırdığı digər büdcə vəsaitini də eyni aqibətin gözləyəcəyini düşünənlər az deyil./politika.az
7News.Az








