Asif Əsgərli
YAP İdarə Heyətinin üzvü
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində xüsusi mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir. 2 oktyabr 2026-cı ildə keçirilmiş qurultay Azərbaycan Respublikasının Prezidenti, YAP-nın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni geosiyasi və strateji şəraitdə baş tutub.
Preziden İlham Əliyevin Qurultaydakı çıxışı təkcə partiyanın qarşısında duran vəzifələri müəyyənləşdirən siyasi nitq deyil, həm də Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun ümumiləşdirilməsi və qarşıdakı mərhələnin strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından proqram xarakterli çıxış oldu. Bu çıxışın mahiyyətini bir neçə əsas anlayışla ifadə etmək mümkündür: siyasi irs, siyasi sabitlik, milli birlik, güclü dövlət, güclü ordu, müstəqil xarici siyasət, ərazi bütövlüyü və suverenlik, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdış, sosial rifah və yeni inkişaf mərhələsi.
YAP Qurultayının əsas fəlsəfəsi: Zəfərdən yeni tərəqqi mərhələsinə
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi tarixində Zəfərdən sonrakı yeni inkişaf mərhələsinin siyasi platforması kimi qiymətləndirilməlidir. Bu mərhələdə Azərbaycanın qarşısında duran əsas məsələ artıq torpaqların azad edilməsi deyil, azad edilmiş torpaqlarda, bütövlükdə isə bütün Azərbaycanda daha güclü, daha müasir, daha rəqabətqabiliyyətli və sosial rifahı yüksək dövlət qurmaqdır.
Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin, Müzəffər ali baş komandan İlham Əliyevin və YAP-ın rəhbərliyi ilə son üç onilliyin siyasi xətti bu ardıcıllıqla ifadə edilməlidir: dövlətçiliyin qorunması → siyasi sabitlik → iqtisadi inkişaf → ordu quruculuğu → beynəlxalq mövqelərin gücləndirilməsi → Böyük Zəfər → ərazi bütövlüyü və suverenliyin tam bərpası → Böyük Qayıdış → Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi → sosial rifah → yeni inkişaf və tərəqqi mərhələsi. Bu mənada YAP-ın VIII Qurultayının əsas fəlsəfəsi keçmiş nailiyyətlərlə kifayətlənməmək, əldə olunmuş Zəfəri dayanıqlı inkişafın yeni başlanğıcına çevirməkdir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə və təhlükəsizlik, fəal xarici siyasət, tranzit imkanlarının artırılması və ideoloji işin yenilənməsi kimi istiqamətləri önə çəkməsi də göstərir ki, qarşıdakı dövr Azərbaycanın "Zəfər dövründən inkişaf dövrünə” keçidinin daha da sürətlənəcəyi mərhələ olacaq. Bu mərhələdə Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə də yalnız siyasi təşkilatlanmanı qorumaq deyil, Azərbaycanın yeni strateji hədəflərinin cəmiyyətə çatdırılmasında, milli həmrəyliyin möhkəmləndirilməsində, gənc nəslin dövlətçilik prosesinə fəal cəlb olunmasında və yeni inkişaf gündəliyinin həyata keçirilməsində aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərməkdir. Zəfər Azərbaycanın tarixini dəyişdi. Ərazi bütövlüyünün və suverenliyin bərpası yeni siyasi reallıq yaratdı. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq isə həmin tarixi qələbəni gələcəyin inkişaf modelinə çevirmək prosesidir. Yeni Azərbaycan Partiyasının strateji gündəliyinin mahiyyəti də məhz bu tarixi transformasiyanın – güclü dövlətdən daha güclü dövlətə, Zəfərdən tərəqqiyə, quruculuqdan dayanıqlı inkişafa keçidin siyasi dayaqlarını möhkəmləndirməkdən ibarətdir.
YAP: siyasi sabitlikdən strateji dövlətçilik modelinə
Yeni Azərbaycan Partiyasının siyasi tarixinin əsas xüsusiyyətlərindən biri onun yalnız seçki və siyasi rəqabət institutu kimi deyil, Azərbaycanın dövlətçilik modelinin formalaşması prosesində aparıcı siyasi təşkilat kimi çıxış etməsidir. 1990-cı illərin əvvəllərində ölkədə siyasi qeyri-sabitliyin, iqtisadi böhranın, idarəetmə böhranının və ərazi itkilərinin yaşandığı bir dövrdə YAP-ın yaradılması cəmiyyətin dövlətçilik, sabitlik və milli inkişaf tələbatının siyasi ifadələrindən biri olmuşdu.
VIII Qurultayda Prezident İlham Əliyev də Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən böyük ziyalı ordusu ilə YAP-ın yaranmasını, Ümummilli Liderin rəhbərliyi altında Azərbaycanın sonrakı qələbələrinin başlanğıc nöqtələrindən biri kimi təqdim etdi və partiyanın təsis qurultayının ölkənin idarəolunmaz vəziyyətdən çıxması üçün ictimai-siyasi sifarişin ifadəsi olduğunu vurğuladı. Bu baxımdan YAP-ın tarixi rolunu yalnız partiya təşkilatlarının fəaliyyəti ilə məhdudlaşdırmaq düzgün olmazdı. Partiyanın siyasi xətti uzun müddət ərzində dövlət institutlarının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişaf və milli maraqlara əsaslanan xarici siyasətin formalaşdırılması ilə paralel inkişaf edib. Burada mühüm məqam sabitliyin məqsəd deyil, inkişaf üçün siyasi baza olmasıdır. Sabitlik olmadan uzunmüddətli iqtisadi proqramların, sosial layihələrin, ordu quruculuğunun, diplomatik strategiyanın və böyük infrastruktur layihələrinin ardıcıl həyata keçirilməsi mümkün deyil. Ulu Öndər Heydər Əliyevin siyasi xəttindən İlham Əliyevin strateji idarəçiliyinə YAP-ın siyasi inkişafını iki əsas mərhələnin davamlılığı kontekstində qiymətləndirmək mümkündür.
Birinci mərhələ, Heydər Əliyevin dövlətçilik strategiyası ilə bağlıdır. Bu mərhələdə əsas məqsədlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, iqtisadi əsasların formalaşdırılması, beynəlxalq təcriddən çıxış və ölkənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi idi. İkinci mərhələdə isə bu siyasi irs Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğunlaşdırıldı. Xüsusilə 2003-cü ildən sonrakı dövrdə Azərbaycan qarşısında duran məsələlər tədricən daha geniş xarakter aldı:
- iqtisadi potensialın artırılması;
- enerji və nəqliyyat infrastrukturunun inkişafı;
- ordu quruculuğunun sürətləndirilməsi;
- diplomatik mövqelərin gücləndirilməsi;
- sosial siyasətin genişləndirilməsi;
- regionların inkişafı;
- milli müdafiə sənayesinin yaradılması;
- informasiya və diplomatiya imkanlarının genişləndirilməsi;
- Qarabağ münaqişəsinin həlli üçün siyasi, iqtisadi və hərbi potensialın formalaşdırılması.
2021-ci ildə YAP-ın VII Qurultayında Prezident İlham Əliyev artıq Vətən müharibəsində qazanılmış Böyük Zəfərin fonunda yeni dövrə keçidi vurğulamışdı. Həmin çıxışda ərazi bütövlüyünün bərpası Azərbaycanın qarşısında duran birinci dərəcəli vəzifə kimi təqdim olunmuş və bu məqsədə nail olunduğu qeyd edilmişdi. VIII Qurultay isə həmin strateji məqsədin artıq tam reallaşmasından sonrakı mərhələni ifadə edir.
Böyük Zəfər: siyasi strategiyanın tarixi nəticəsi
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində fundamental dönüş yaratdı.
Bu Zəfər:
- Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin hərbi-siyasi yolla bərpasını;
- Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin nümayişini;
- milli həmrəyliyin gücünü;
- dövlət və xalq birliyinin əhəmiyyətini;
- uzunmüddətli ordu quruculuğunun nəticəsini;
- Azərbaycanın beynəlxalq mövqelərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirdi.
Prezident İlham Əliyev VIII Qurultayda 8 noyabrı Azərbaycanın əbədi bayramı kimi xarakterizə etdi və 20 sentyabr 2023-cü il tarixini də dövlət suverenliyinin tam bərpası baxımından xüsusi əhəmiyyətli tarix kimi təqdim etdi. Beləliklə, 2020-ci il Zəfəri ilə 2023-cü ilin sentyabr hadisələri birlikdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının iki mühüm mərhələsini təşkil edir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hərbi qələbə siyasi strategiyanın sonu deyil. Əksinə, Qələbə yeni dövlətçilik mərhələsinin başlanğıcıdır.
Ordu quruculuğu: Zəfərin arxasında dayanan uzunmüddətli strategiya
Azərbaycanın hərbi qələbəsi yalnız 44 günlük müharibənin nəticəsi kimi qiymətləndirilə bilməz. Bu qələbənin arxasında uzun illər ərzində həyata keçirilən ordu quruculuğu + hərbi modernləşmə + müdafiə sənayesi + kadr hazırlığı + hərbi texnologiyalar + maliyyə təminatı + siyasi iradə modeli dayanırdı.
VIII Qurultaydakı çıxışda Prezident İlham Əliyev postmüharibə dövründə də müdafiə və təhlükəsizlik məsələlərinin prioritet olaraq qalacağını bir daha vurğuladı. Çıxışda 2027-ci il dövlət büdcəsində müdafiə və təhlükəsizlik məqsədləri üçün təqribən 9 milyard manat vəsait nəzərdə tutulduğu qeyd olunur. Bu yanaşmanın strateji məntiqi aydındır: sülhün qorunmasının ən mühüm şərtlərindən biri dövlətin öz təhlükəsizliyini təmin etmək qabiliyyətidir. Başqa sözlə, Azərbaycanın müdafiə siyasəti yalnız müharibəyə hazırlaşmaq deyil, müharibənin qarşısını almaq üçün çəkindirici güc yaratmaq məqsədi daşıyır. Xarici siyasət: müstəqil qərarvermə və milli maraqlar YAP-ın siyasi strategiyasının mühüm istiqamətlərindən biri Azərbaycanın müstəqil xarici siyasət kursudur.
VIII Qurultayda Prezident İlham Əliyev Azərbaycanın heç bir xarici, regional siyasi və hərbi düşərgəyə qoşulmadığını və bundan sonra da müstəqil siyasət yürüdəcəyini vurğuladı. O, Azərbaycanın xarici siyasətinin daha fəal və təşəbbüskar xarakter daşımasının vacibliyini də qeyd etdi. Bu siyasətin əsas xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
- milli maraqlara əsaslanmaq;
- balanslaşdırılmış diplomatiya;
- regional əməkdaşlığın genişləndirilməsi;
- beynəlxalq təşkilatlarda fəal iştirak;
- enerji diplomatiyası;
- nəqliyyat diplomatiyası;
- Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi;
- Azərbaycanı regional logistika və kommunikasiya mərkəzinə çevirmək.
Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutlarında rolunun artırılması da bu strategiyanın iqtisadi-diplomatik komponentidir. VIII Qurultayda Prezident orta müddətli perspektivdə Azərbaycan ərazisindən keçən tranzit yüklərin 30 milyon tona çatdırılması hədəfini də açıqladı. Bu isə Azərbaycanın geosiyasi əhəmiyyətini yalnız enerji resursları ilə deyil, nəqliyyat, logistika və regional bağlantı imkanları ilə də möhkəmləndirmək deməkdir.
Qarabağ və Şərqi Zəngəzur: Zəfərdən quruculuğa
Prezident bu proqram çıxışında qeyd etdiyi kimi Azərbaycanın qarşısında duran ən böyük strateji vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır.
Burada Cənab İlham Əliyev siyasəti üç mərhələli məntiq üzrə formalaşır: torpaqların azad olması→ bərpa→ dayanıqlı inkişaf və məskunlaşma. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən proses yalnız dağıdılmış binaların yenidən tikilməsi deyil. Burada müasir smart (ağıllı) modelinə söykənən yeni:
- şəhərlər;
- kəndlər;
- yollar;
- dəmir yolları;
- hava limanları;
- enerji infrastrukturu;
- məktəblər;
- xəstəxanalar;
- sənaye müəssisələri;
- aqroparklar;
- xidmət və turizm obyektləri yaradılır.
Prezidentin də qeyd etdiyi kimi, 2026-cı ilin oktyabrına Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, işləyir və təhsil alır, həmin ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb və 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Bu göstəricilər Böyük Qayıdışın artıq yalnız siyasi şüar deyil, konkret sosial-iqtisadi proses olduğunu göstərir.
Böyük Qayıdış: məcburi köçkün statusundan yeni həyat modelinə
Böyük Qayıdışın strateji əhəmiyyəti yalnız keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması ilə məhdudlaşmır. Əsas məqsəd insanların həmin ərazilərdə ləyaqətli, təhlükəsiz və dayanıqlı həyat qurmasıdır. Bu səbəbdən Böyük Qayıdış siyasətinin tərkib hissələri aşağıdakılardır: məskunlaşma + məşğulluq + təhsil + səhiyyə + sosial xidmət + sahibkarlıq + infrastruktur + təhlükəsizlik.
Böyük Qayıdış konsepsiyasında da bərpa prosesinin yaşayış və istehsal infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin genişləndirilməsi, məşğulluğun artırılması, təhsil və səhiyyə xidmətlərinin yaradılması ilə kompleks şəkildə həyata keçirildiyi göstərilir. Bu baxımdan Qarabağın bərpası həm də Azərbaycanın yeni şəhərsalma və regional inkişaf modelinin sınaq meydanıdır.
Qarabağ və Şərqi Zəngəzur: keçmişin bərpasından gələcəyin qurulmasına
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən siyasətin mühüm xüsusiyyəti ondan ibarətdir ki, dövlət yalnız əvvəlki yaşayış məntəqələrini bərpa etmir. Yeni şəhər, qəsəbə və kəndlər müasir şəhərsalma prinsipləri əsasında planlaşdırılır. 2026-cı ilin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzurun ümumi planlaşdırılması 14 min kvadrat kilometr ərazini əhatə edir; artıq 8 şəhər, 11 qəsəbə və 90 kənd üzrə baş plan təsdiqlənib. 8 ildən sonra bu rəqəm 220-yə çatacaq. Bərpa prosesinin əsl mahiyyəti budur. Burada söhbət sadəcə "dağılanı yenidən tikməkdən” deyil, "daha müasir olanı yaratmaqdan” gedir. Ağıllı şəhər və kənd konsepsiyaları, yaşıl enerji, rəqəmsal texnologiyalar, yeni nəqliyyat infrastrukturu və müasir sosial xidmətlər Qarabağ və Şərqi Zəngəzurda yeni regional inkişaf modelinin əsas elementlərinə çevrilir.
Sosial siyasət: iqtisadi inkişafın əsas məqsədi insan rifahıdır
Cənab İlham Əliyevin də qürurla qeyd etdiyi kimi dövlətin, onun hökumətinin və rəhbərlik etdiyi siyasi təşkilatın inkişaf strategiyasının digər mühüm istiqaməti sosial siyasətdir. Azərbaycan dövləti iqtisadi artımı özünün son məqsəd kimi görmür və burada siyasət onun nəticələrinin vətəndaşların rifah, həyat səviyyəsində, sosial təminatında, məşğulluğunda və gələcək imkanlarında əks olunmasıdır. Bu yanaşma son illərdə sosial müdafiə sistemində həyata keçirilən tədbirlərdə də özünü göstərir. Prezidentin bəyan etdiyi kimi 2026-cı ildən ölkədə əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilib və onun tapşırığı ilə 2027-ci ildən bütün növ pensiya, sosial müavinətlərin artacağı və minimum əmək haqqının yüksələcəyi də real gözləntilərdir.
Ölkədə məşğulluq siyasətində də yeni mərhələ formalaşır. 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi əmək bazarının inkişafını uzunmüddətli dövlət siyasəti səviyyəsinə çıxarır.
Beləliklə, sosial siyasət yalnız sosial yardım mexanizmlərindən ibarət deyil; məşğulluq, insan kapitalı, əmək bazarı, gəlir imkanları və sosial müdafiənin bir-birini tamamladığı kompleks sistemdir.
Regional inkişaf: Bakı ilə regionlar arasında tarazlığın gücləndirilməsi
Azərbaycanın inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafı xüsusi yer tutur. İnfrastruktur layihələri, yolların yenilənməsi, qazlaşdırma, elektrik enerjisi təminatı, su layihələri, məktəblər, xəstəxanalar, idman kompleksləri və sahibkarlıq imkanlarının genişləndirilməsi regionlarda həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu siyasətin Qarabağ və Şərqi Zəngəzurda daha intensiv formada həyata keçirilməsi isə həmin əraziləri gələcəkdə ölkənin yeni iqtisadi inkişaf məkanlarından birinə çevirmək məqsədi daşıyır. Burada əsas strateji prinsip belədir: İnfrastruktur qurmaq – iqtisadi fəaliyyət yaratmaq – məşğulluq təmin etmək – əhalini məskunlaşdırmaq – dayanıqlı regional inkişaf formalaşdırmaq. Bu zəncir Böyük Qayıdışın uzunmüddətli uğurunun da əsas şərtlərindən biridir.
VIII Qurultayın əsas mesajı: Zəfəri inkişaf modelinə çevirmək
VIII Qurultayın siyasi-strateji əhəmiyyətini məhz burada görmək mümkündür. VII Qurultay Zəfərdən dərhal sonrakı dövrün siyasi reallıqlarını əks etdirirdisə, VIII Qurultay artıq tam bərpa olunmuş ərazi bütövlüyü və suverenlik şəraitində inkişafın yeni mərhələsini müəyyənləşdirir. Bu yeni mərhələnin gündəliyi əvvəlkindən fərqlənir. Artıq əsas suallar bunlardır:
- Zəfəri necə davamlı inkişaf modelinə çevirmək?
- Qarabağı və Şərqi Zəngəzuru necə sürətlə inkişaf etdirmək?
- Böyük Qayıdışı necə sürətləndirmək?
- Azərbaycanın iqtisadi və logistika potensialını necə artırmaq?
- Ordu və müdafiə imkanlarını necə daha da gücləndirmək?
- Gənc nəslin milli dövlətçilik prosesində rolunu necə artırmaq?
- Sosial rifahı necə daha da yüksəltmək?
- Azərbaycanın beynəlxalq mövqeyini necə daha da möhkəmləndirmək?
Bu sualların hər biri yeni inkişaf mərhələsinin əsas komponentidir.
Yeni Azərbaycan Partiyasının qarşısında yeni siyasi məsuliyyət
VIII Qurultay YAP üçün yalnız görülmüş işlərin hesabatı olmadı, bu ali tədbir partiyanın qarşısında yeni siyasi məsuliyyət və hədəflər qoydu. Bu məsuliyyət və hədəflər aşağıdakı requlyar fəaliyyət və istiqamətlərdə özünü göstərir:
Birincisi – dövlətçilik düşüncəsinin gücləndirilməsi
YAP üzvlərinin siyasi fəaliyyəti dövlətçilik, milli maraq və milli birlik ideyaları üzərində qurulmalıdır.
İkincisi – yeni nəslin prosesə cəlb edilməsi
Gənclər yalnız partiyanın gələcək üzvləri deyil, Azərbaycanın gələcək idarəçiləri, mütəxəssisləri və ictimai liderləridir.
Üçüncüsü – ideoloji fəaliyyətin yenilənməsi
VIII Qurultayda Prezident İlham Əliyev ideoloji fəaliyyətin formal və şablon xarakter daşımamasının, müasir yanaşmaların tətbiq edilməsinin vacibliyini xüsusi vurğulayıb. Bu, xüsusilə rəqəmsal informasiya mühitində mühüm məsələdir. YAP da müasir siyasi təşkilat kimi yalnız tədbirlər keçirən qurum deyil; o, cəmiyyətlə dialoq quran, yeni informasiya texnologiyalarından istifadə edən, gənclərin dilində danışan və ölkənin inkişaf gündəliyini izah edə bilən siyasi institut olmalıdır.
Yeni mərhələ: güclü dövlət, güclü cəmiyyət, güclü vətəndaş
Azərbaycanın qarşısında duran strateji hədəflərin həyata keçirilməsi yalnız dövlət institutlarının fəaliyyəti ilə tamamlanmır. Burada güclü dövlət – fəal vətəndaş – məsuliyyətli cəmiyyət üçlüyünün formalaşdırılması vacibdir.
YAP-ın qarşıdakı fəaliyyətində:
- vətəndaş iştirakçılığı;
- ictimai dialoq;
- gənclərin fəallığı;
- sosial məsuliyyət;
- vətənpərvərlik;
- milli kimlik;
- dövlətçilik dəyərləri daha geniş yer tutacaqdır.
Çünki müasir dövlətin gücü yalnız iqtisadi göstəricilərlə və hərbi imkanlarla ölçülmür. Dövlətin gücü həm də onun vətəndaşlarının ölkənin gələcəyinə inamı, milli birlik səviyyəsi və ümumi məqsədlər ətrafında səfərbər olmaq qabiliyyətidir.








