Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "WhatsApp"da danışan sevgilisini öldürməkdə təqsirləndirilən 25 yaşlı Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rasim Sadıxovun icraatında olan prosesdə baxış iclası keçirilib.
Paşa Cəbrayılov ifadə verərək deyib ki, 2010-cu ildə işləmək üçün Sabirabad rayonundan Bakıya gəlib və 2 il sonra Hövsan qəsəbəsində "Tropikanka” kafesində Zülfiyyə Rəhimova ilə tanış olub: "Gecələr işdən çıxanda onu həmişə evə ötürürdüm. Zülfiyyənin Zəhra adında bir qızı vardı. O, qızı da özü ilə kafeyə gətirirdi. Onunla münasibətlərimiz daha da istiləşmişdi. Bu səbəbdən özüm qaldığım kirayə evdən çıxdım və Zülfiyyənin kirayə qaldığı evə köçdüm. Həmin gündən onunla bir yerdə yaşamağa başladım.
2016-cı ilin martında Zülfiyyə başqa bir kafedə işləməyə başladı, mən də Rusiyayda yaşayan valideynlərimin yanına getdim. Orada olanda da Zülfiyyə üçün pul göndərirdim. Yanvar ayında Bakıya gəldim, Zülfiyyə ilə yaşamaq istədim, o razılaşmadı. Mən də ona dedim ki, sən yolunu azıbsan, o məni söydü. Mən də onu boğaraq öldürdüm”.
Mərhumun bacısı Ceyhunə Rəhimova deyib ki, Z.Rəhimova Türkiyə vətəndaşı Mustafa Aksoyla ailə qurub və Zəhra adında qızları olub.
İclasda məhkəmə istintaqının tamamlandığı elan edilib. Proses avqustun 4-də davam etdiriləcək.
Qeyd edək ki, hadisəHövsan qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib. /qafqazinfo
7news.Az








