RU
83 milyonluq risk:
16:59
61

83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir...

"AFB Bank"ın 2026-cı ilin birinci rübünə dair açıqladığı maliyyə hesabatı nə qədər yüksək rəqəmlərlə "bəzənsə"də, sistemli riskləri və idarəetmə boşluqlarını gün üzünə çıxarır. Hesabata nəzər saldıqda, ilk baxışda aktivlərin həcmində artım müşahidə edilir, lakin bu böyümənin daxili effektivlik və risk balansı ilə dəstəklənməməsi bankın gələcək maliyyə dayanıqlığını ciddi şübhə altına qoyur.

Hazırkı mənzərə kəmiyyət artımının keyfiyyət itkisi hesabına baş verdiyini və aqressiv genişlənmə cəhdinin bankın mənfəətliliyini necə "yandırdığını" göstərir.

Mənfəət daxili xərclərin içində necə əriyir?
Bankın xalis mənfəət göstəricisindəki 51,4 faizlik kəskin azalma, qurumun daxili xərc siyasətində ciddi bir nəzarətsizliyin hökm sürdüyünü təsdiqləyir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfəətin 1,13 milyon manata qədər geriləməsi təsadüfi deyil. Burada ən diqqətçəkən məqam faiz xərclərinin fantastik sürətlə, yəni 3,7 dəfə artaraq 5,23 milyon manata çatmasıdır. Bu o deməkdir ki, bank bazardan vəsaitləri (depozitləri) həddindən artıq baha qiymətə cəlb edir və bu "bahalı pul" gəlir gətirməkdən çox, mövcud qazancı yeyib bitirir.

Paralel olaraq, əmək haqqı və kompensasiya xərclərindəki 86,3 faizlik sıçrayış əməliyyat effektivliyinin iflic vəziyyətinə düşdüyünün siqnalıdır. Gəlirlərin bu templə artmadığı bir şəraitdə personal xərclərinin süni şəkildə şişməsi bankın idarəetmə aparatının səmərəsizliyini ortaya qoyur.

Depozit portfelindəki "gizli mina" və etimad limiti
Bankın depozit bazası 274,3 milyon manata çatsa da, bu portfelin daxili strukturu hər an partlaya biləcek bir bombanı xatırladır. Müştəri vəsaitlərinin təxminən 43 faizinin tələbli, yəni "ani çıxış" xarakterli olması likvidliyi hər saniyə təhlükəyə atır. Hər hansı bir bazar dalğalanması və ya etimad sarsılması anında müştərilərin eyni anda vəsaitlərini geri çəkməsi bankı çıxılmaz vəziyyətə sala bilər.

Daha bir maraqlı məqam isə korporativ sektorun banka olan münasibətidir. Fiziki şəxslərin əmanətləri artsa da, hüquqi şəxslərin bankdakı vəsaitlərinin 4,1 milyon manat azalması iş dünyasının banka olan etibarının zəifləməsindən xəbər verir.

Təminatsız kreditlər və "donmuş" milyonlar
Kreditləşmə siyasətindəki riskli addımlar bankın aktivlərinin keyfiyyətini ciddi şəkildə pisləşdirib. 328 milyon manatdan artıq olan ümumi kredit portfelinin dörddə birinin, yəni 83 milyon manatdan çox hissəsinin tamamilə təminatsız olması iqtisadi tənəzzül riskləri qarşısında bankı müdafiəsiz qoyur. Bununla yanaşı, bankın balansında 12,46 milyon manatlıq "toksik" aktiv, yəni bir ildən artıq gecikmədə olan ümidsiz borclar yığılıb qalıb.

Likvidlik boşluğu və dumanlı perspektivlər
Hesabatın ən tənqidi və qorxulu hissəsi likvidlik hesabatında üzə çıxan "mənfi qəp" (boşluq) göstəricisidir. Ani öhdəliklər və aktivlər arasındakı 83,6 milyon manatlıq nəhəng boşluq, bankın qısamüddətli borclarını ödəmək üçün sürətli vəsait tapmaqda ciddi çətinlik çəkdiyini nümayiş etdirir.

Bankın arxasında kim dayanır?
"AFB Bank" ASC-nin səhmlərinin 99,64%-lik nəzarət paketi iş adamı Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. O, bu payı bankın əvvəlki sahibi olan "Gilan Holding" MMC-dən satın alaraq əsas söz sahibinə çevrilib. Qeyd edək ki, H. İsmayılov həmçinin "AzSığorta" ASC-nin yeganə sahibi və "Bank of Baku" ASC-nin 31,1%-lik səhmdarıdır.

"AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlasa da, cəmi bir il sonra — 2009-cu ildə rebrendinq edərək hazırkı adını götürüb. Hazırda bankın İdarə Heyətinin sədri Amid Qənbərovdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ