ABŞ-ın aparıcıuniversitetlərindən biri olan Harvard Universitetinin professoru Çin tərəfindən həyata keçirilən işə qəbul proqramı ilə bağlı "əlaqələrini gizlətməkdə” təqsirli bilinib.
7NEWS.Az "Star” qəzetinə istinadla xəbər verir ki, Boston Federal Məhkəməsi yanvarda həbs edilən universitetin 62 yaşlı professoru Çarlz Liberi Çinin xariciləri cəlb etmək üçün yaradılmış "Min İstedad Planı”nda rolunu və iştirakını gizlətməkdə ittiham edib.
Prokurorlar Liberin Min İstedad Proqramı müqaviləsi çərçivəsində Çinin Uhan Texnologiya Universiteti tərəfindən ona ayda 50 min dollar və "yaşayış xərcləri” olaraq 158 min dollar ödənildiyini gizlətdiyini bildirib. Həmçinin Liberə Uhan texnologiyasında tədqiqat laboratoriyası qurması üçün 1.5 milyon dollar verildiyi qeyd edilib.
Bunun müqabilində Liberin Uhan Texnologiya Universiteti adından patent üçün müraciət etməyə, eləcə də məqalələr dərc etməyə və beynəlxalq konfranslar təşkil etməyə razılıq verdiyi vurğulanır.
Liberin vəkili Mark Mukasey isə iddia edib ki, prokurorların ittihamlarla bağlı heç bir sübutu yoxdur.
Qeyd edək ki, Çinin 2008-ci ildə elmi araşdırmalar, innovasiyalar və sahibkarlıq sahəsində istedadlı mütəxəssisləri işə cəlb etmək üçün hazırlanmış Min İstedad Proqramı yüksək pul müqabilində Çinə beyin axınına səbəb olduğu üçün çoxları tərəfindən tənqid edilir.
7NEWS.Az







