Rusiyada SSRİ Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor Nikita Presnyakov qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılıb.
Bu barədə məlumatı öz mənbələrinə istinadən "Pyatı kanal” yayıb.
Məlumata görə, Nikita Presnyakov Moskva Qubernsk Teatrında məşqdə olarkən hərbi xidmətə aparılıb.
Bununla belə, Presnyakovun piar direktoru sözügedən məsələ ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, Alla Puqaçova sentyabr ayının sonlarında geri dönüş bileti olmadan İsrailə gedib. Müğənni sosial şəbəkədə yazdığı postda Ədliyyə Nazirliyindən əri Maksim Qalkinin (Rusiyada xarici agent kimi tanınan) ardınca onu da "xarici agentlər sırasına yazmağı” xahiş edib.
Aktyor Maksim Qalkin sentyabrın 16-da xarici agentlər siyahısına daxil edilib. Ədliyyə Nazirliyi hesab edir ki, Ukrayna onu "siyasi fəaliyyətlə məşğul olarkən” maliyyələşdirib.
***
İlk olaraq Moskva Qubernsk Teatrı məsələ ilə bağlı açıqlama yayaraq qeyd edib ki, məşq adi qaydada həyata keçirilib və Nikita barəsində hər hansı hadisə ilə bağlı məlumatları yoxdur.
Bunun ardınca isə, aktyor Nikita Presnyakov səfərbərliyə cəlb olunması ilə bağlı xəbərləri təkzib edib. O, bu barədə yayılan məlumatları feyk adlandırıb.











