Avstraliyanın Yeni Cənubi Uels ştatında keçirilən əməliyyat zamanı 100 mindən çox canlı ekzotik tarakan müsadirə edilib.
Rəsmilər bunu ölkə tarixində qanunsuz ekzotik onurğasızların ən böyük müsadirəsi adlandırıblar.
Təxminən 200 min dollar dəyərində olduğu bildirilən tarakanlar Batörst şəhərində fəaliyyət göstərən bir istehsalçıdan götürülüb. Müsadirə olunan növlər arasında Dubia və Madaqaskar fısıldayan tarakanları da var.
Rəsmilər bu növlərin ölkəyə qanunsuz gətirildiyini, yerli ekosistem, kənd təsərrüfatı və biomüxtəliflik üçün risk yaratdığını bildiriblər. Tarakanların böyük hissəsinin sürünən heyvanlar üçün yem kimi satılması planlaşdırılırdı.
Hazırda müsadirə edilən tarakanların zərərsizləşdirilməsi prosesi davam edir.








