Haşed əl Əvlaqi: "Mədəniyyətlərin oxşar olduğu ölkələrdə yaşamaq daha asan olur"
7News.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Azərbaycana Yəməndən gəlib. Ölkəmizə təzə gəldiyi vaxtlar bir sıra çətinlikləri olub. Amma çətinliklərin öhdəsindən gəlməyi bacarıb. Deyir ki, əsas istəklərindən biri də Azərbaycan dilini öyrənib, özünə təzə dostlar qazanmaqdır. Buna görə də, artıq dilimizi öyrənməyə başlayıb.
Qeyd edək ki, müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi fakültəsində magistr pilləsi üzrə təhsil alan Haşed əl Əvlaqidir. 26 yaşlı Haşed bakalavr təhsilini İordaniya universitetində alıb: "Azərbaycana dövlət xətti ilə gəlmişəm. Hələ İordaniya universitetində bakalavr təhsili alarkən Azərbaycanda tam təqaüd proqramının elan olunduğunu eşitdim. Düşündüm ki, bu, mənim üçün bir şansdır. Qərara gəldim ki, bu şansdan istifadə edim. Beləliklə, proqrama müraciət etdim. Bəxtim gətirdi və dəvət aldım".
Haşed Yəməndə yaşayan ailəsi və dostları üçün darıxdığını da söylədi: "Hazırda Azərbaycanda tək yaşayıram, ailəm Yəməndədir. Düzü, onlar üçün çox darıxıram və narahatam. Çünki ölkəm hazırda müharibə şəraitindədir və ümumi vəziyyət məni çox narahat edir. Onlarla sosial media vasitəsi ilə tez-tez əlaqə saxlamağa çalışıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
"Çətinliklər artıq geridə qalıb"
Müsahibimin, Azərbaycana yeni gələndə bir qədər çətinlikləri olub: "Sənəd işləri ilə bağlı problemlərim var idi. Təəssüf ki, ölkəmizin burada səfirliyi yoxdur. Həmin vaxt universitet rəhbərliyi mənə çox köməklik etdi, hətta təhsillə bağlı olmayan məsələlərdə belə, mənimlə yaxından maraqlandılar. Bu mənada hər kəsə təşəkkür etmək istəyirəm. Azərbaycana təzə gəldiyim aylarda əsas çətinliklərdən biri də Azərbaycan dilini bilməməyimlə bağlı idi. Məncə, bu, hamıda baş verən haldır və təbiidir. Bundan başqa, sizin valyutanızla bağlı müəyyən çətinliklərim oldu. Amma çətinliklərin demək olar ki, hamısı artıq geridə qalıb".
Müsahibimiz deyir ki, Azərbaycan mədəniyyətinin zənginliyi onun diqqətini çəkib: "Azərbaycan zəngin mədəniyyəti olan ölkədir. Burada bir çox ölkələrin mədəniyyətlərinin birləşdiyini görmək olur. Burada da əhalinin çoxu Yəməndə olduğu kimi, islam dininə sitayiş edir. Bu mənada bizim ortaq dəyərlərimiz çoxdur. Məhz bu məqam, ilk dəfə Azərbaycana gələndə özümü daha yaxşı hiss etməyimə səbəb oldu. Mədəniyyətlərin oxşar olduğu ölkələrdə yaşamaq daha asan olur. Bu amil biz əcnəbilərə özünü çox yaxşı hiss etdirir. Həmçinin, memarlıq abidələriniz çox xoşuma gəlir. Onların qədim tarixi olduğunu öyrənmişəm. Azərbaycanlıların ən xoşuma gələn xüsusiyyəti öz mədəniyyətlərinə sahib çıxmaları və onu qorumalarıdır".
Həmsöhbətim deyir ki, qısa müddət ərzində qrup yoldaşları ilə münasibət qura bilib: "Fakültədə demək olar ki, bütün tələbə yoldaşlarımla dost ola bilmişəm. Bu, əslində, elə də çox vaxtımı almadı. Çünki azərbaycanlılar öz ölkələrinə gələn xaricilərə qarşı mehriban və istiqanlıdırlar. Təəssüf ki, hər ölkədə belə deyil. Universitetdə olduğum və Bakıda gəzdiyim müddətdə harada olmağımdan asılı olmayaraq, insanların mehriban olduğunu və mənə kömək etməyə çalışdıqlarını görmüşəm. İstənilən çətinliyimdə onlar mənə yardım etməyə hazırdırlar. Bu da mənim çox xoşuma gəlir. Yad bir ölkədə belə istiqanlı insanları görmək əcnəbilər üçün çox vacibdir. Hələ ki, əhatəm o qədər də geniş sayılmır, sadəcə, öz qrup yoldaşlarımla münasibət saxlayıram. Amma zamanla özümə yeni dostlar qazanacağıma əminəm".
"Salam, yaxşıyam sözlərini öyrənmişəm"
Müsahibim artıq Azərbaycan dilini də öyrənməyə başlayıb: "Çünki özümə yeni dostlar qazanmaq üçün bu dili mütləq öyrənməliyəm. Universitetdə tədris ingilis dilindədir. Dostlarımla da ingilis dilində ünsiyyət saxlayıram. Amma internet resursları vasitəsilə dilinizi öyrənməyə çalışıram. Bəzi sözləri artıq öyrənmişəm. Ən yaxşı yadımda qalan sözlər isə "salam", "yaxşıyam"dır. Həmçinin, bəzi rəqəmləri də öyrənmişəm. Mədəniyyətimiz ortaq olduğuna görə, bəzi sözlər demək olar ki, bizim dilimizdə də işlənir. Çalışıram ki, qrup yoldaşlarım Azərbaycan dilində danışarkən, müəyyən sözləri yadımda saxlayım".
Müsahibim dərslərə görə, ölkəmizi gəzmək şansı olmadığını dilə gətirdi: "Təəssüf ki, Bakıda yalnız müəyyən yerləri gəzmək şansım olub. Həftə sonları çalışıram ki, şəhərinizin gəzməli-görməli yerlərinə səyahət edim. Düşünürəm ki, imtahanlardan sonra Bakını gəzmək üçün daha çox vaxtım olacaq".
Haşed deyir ki, kabab onun ölkəsində də bişirilir, dadı da təxminən eynidir: "Dediyim kimi, Yəmənlə Azərbaycanın bir çox oxşar xüsusiyyətləri var. Hətta bəzi yeməklərimizin dadı da oxşardır. Məsələn, kababı bizim ölkədə də çox sevir və bişirirlər. Dadları da təxminən bənzərdir. Ona görə də, bura təzə gələndə yeməklə bağlı ciddi problemim olmadı. Bəzi yeməklərinizi bişirməyi də öyrənmişəm. Amma dərslərim çox olduğuna görə, mətbəxdə az vaxt keçirirəm. Ona görə də, adətən yeməkləri hazır şəkildə alıram. Bəzi restoranlarınızda milli yeməklərinizin dadına baxmışam. Bundan başqa, qaldığım yataqxanada da bizə yemək verirlər. Onu deyə bilərəm ki, yeməklərinizin dadı çox xoşuma gəlir".
"Hər şeydən razıyam"
Müsahibim təhsil və yaşayış xərclərini təqaüd hesabına ödədiyini söylədi: "Azərbaycan dövləti mənə təqaüd verir. Qeyd etdiyim kimi, tam təqaüd alıram. Bütün təhsil və yaşayış xərclərim təqaüd hesabına qarşılanır. İki ölkənin təhsil sistemləri arasındakı fərq o qədər də böyük deyil. Demək olar ki, dərslər eyni qaydada tədris olunur. Dərsləri mənimsəmək baxımından çətinliyim olmayıb. Burada da tədris dili ingilis dilidir".
Haşed deyir ki, Azərbaycanda narazı olduğu məqama hələlik rast gəlməyib: "Burada olduğum müddətdə demək olar ki, bəyənmədiyim nəyəsə rast gəlməmişəm. İndiyə qədər heç nədən narazı qalmamışam. Çətinliyim olduğu zaman isə müəllimlərim və qrup yoldaşlarım mənə kömək edirlər. Yəni hələlik hər şey öz qaydasındadır".
Sonda həmsöhbətimə uğurlar arzulayıb gələcək planları haqda da soruşduq: "Ümid edirəm ki, burada təhsili bitirdikdən sonra Azərbaycanda qalmaq imkanım olacaq. Çünki Azərbaycanda qalmaq və işləməyi çox istərdim. Amma hələlik bu barədə danışmaq üçün bir qədər tezdir".
7News.Az








