RU
lombard
16:40
150

"Bəşəriyyətin sınağa çəkildiyi bir vaxtda Ermənistan öz məkrli siyasətindən əl çəkmədi"

Bəşəriyyətin sınağa çəkildiyi və Azərbaycanın da dünya ilə həmrəylik nümayiş etdirdiyi bir vaxtda Ermənistanın yenə də öz məkrli siyasətindən əl çəkmədiyinin şahidi olduq.

7News.Az xəbər verir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, "koronavirus bəlasından ən tez necə qurtula bilərik?" deyə, dünyanın ürəyinin tək bir arzu ilə çırpındığı zaman kəsiyində Ermənistan nəinki bu qorxunc virusla mübarizə aparmaq məsələsində ümumi axının əksi istiqamətində hərəkət edir, eyni zamanda tarixi ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda "seçkilər" keçirməklə şou göstərir:

"Bu addım, heç şübhəsiz ki, belə bir vaxtda Azərbaycana qarşı deyil, eyni zamanda, beynəlxalq aləmə meydan oxumaq deməkdir. Birincisi, bu, bir daha onu sübut edir ki, humanizm prinsiplərini pozan Ermənistan üçün bir dövlət olaraq koronavirus pandemiyasının insanların həyatına necə təsir edəcəyi maraqlı deyil. İkincisi isə, işğalçı Ermənistan Dağlıq Qarabağda "seçki" keçirməklə bir daha beynəlxalq hüququ saymadığını nümayiş etdirdi.

Dünya birliyinə də məlumdur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub. Əvvəla, bu, beynəlxaq hüququn bütün norma və prinsiplərinin kobudcasına pozulması deməkdir. Bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb ki, belə bir şəraitdə "seçkidən", beynəlxalq hüquq normaları çərçivəsində dövlətlər üçün müəyyənləşdirilən və onlara xas olan hər hansı bir fəaliyyətdən söhbət gedə bilməz".

Politoloq vurğulayıb ki, seçki beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan bir hadisə olmaqla yanaşı, eyni zamanda, beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan olan dövlətlər tərəfindən həyata keçirilir ki, bu, həm də beynəlxalq standartlara cavab verən bir tələbdir:

"Eyni zamanda, Ermənistanın özünün də üzv olduğu ATƏT-in 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı bu qurumun əsas prinsipidir. Bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. Deməli, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda "seçki" keçirilməsi Ermənistanın təşkilata üzv ölkə kimi bu prinsipi və təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri kobudcasına pozması deməkdir. Bu "seçkilər" beynəlxalq hüququn aktorları tərəfindən qəbul olunan normal seçkilərdən tamamilə fərqlidir və heç bir legitimliyi yoxdur".

Xatırladaq ki, Dağlıq Qarabağda 2020-ci il martın 31-də təşkil olunan "prezident və parlament seçkiləri" şousu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd olunub. BMT-dən sonra dünyada 2-ci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilərin qanunsuzluğu bir daha təsdiqlənib.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa, Rusiya bu qondarma seçki şousunu pisləyərək tanımadıqlarını bəyan ediblər. 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Türk Parlament Assambleyası, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, bundan əlavə Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran, Kanada, Norveç və s. kimi ayrı-ayrı dövlətlər də bəyanatlarla çıxış edərək prinsipial mövqe ortaya qoydular və qondarma "seçki"ni tanımayıblar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ