Qəbul imtahanında iştirak edən abituriyentlər üçün Apelyasiya Komissiyası yaradılıb

Qəbul imtahanında iştirak edən abituriyentlər üçün Apelyasiya Komissiyası yaradılıb

Mayın 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2-ci və 3-cü ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 16 may tarixində saat 10‑dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. TQDK-nın saytında və Facebook səhifəsində sual kitabçaları və imtahanda istifadə olunmuş test tapşırıqlarının izahı yerləşdiriləcək. 

Qeyd edək ki, TQDK may ayının 15-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılıb. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10-dək aparılacaq./apa

7News.Az 

Xəbər lenti