Xarici liderlər 2019-cu ildə danışıqlar və səfərlər zamanı ABŞ-ın o zamankı prezidenti Donald Tramp və dövlət katibi Maykl Pompeoya rəsm, heykəl, xalça və viski bağışlayıblar.
Bu barədə Federal Reyestrin elektron məlumat bazasında - Amerika hökumətinin rəsmi sənədlər toplusunda dərc olunan Dövlət Protokolu Departamentinin materialında deyilir.
Bir çox hədiyyə yüksək rütbəli məmurlar üçün icazə verilən xərc limitini xeyli üstələyir. Əşyaların çoxu hazırda Milli Arxivə və ya Administrasiyanın Ümumi Məsələlər İdarəsinə (GSA) təhvil verilib.
Trampın Bolqarıstanın o vaxtki Baş naziri Boyko Borisovdan aldığı ən bahalı hədiyyə Osmanlı İmperatorluğu dövründən qalma 8,5 min dollarlıq tüfəngdir. Bəhreyndən isə 7,2 min dollar dəyərində ərəb atının bürünc heykəli hədiyyə edilib. Qətər 6,3 min dollarlıq almazlı oriks heykəlciyi bağılayıb. Vyetnam və Misir Trampın portretlərini müxtəlif çərçivələrdə (sırasıyla 5.250 və 4.450 dollar dəyərində) təqdim ediblər.
Keçmiş birinci xanım Melaniya Tramp isə Yaponiyanın keçmiş baş nazirinin həyat yoldaşından 2,6 min dollar dəyərində inci sırğa hədiyyə alıb.
Əvvəlki administrasiyada ikinci ən mühüm postu tutan Mayk Pensə 9,7 min dollar dəyərində Özbəkistan xalçası, Pompeoya 5,8 min dollarlıq yapon viskisi hədiyyə edilib, amma içkinin yeri indi protokol şöbəsinə məlum deyil.








