7NEWS.az xəbər verir ki, Ərdoğan paylaşımında Türkiyə xalqının tarix boyu böyük sınaqlardan keçdiyini və bu gün də mühüm mübarizənin mərkəzində olduğunu bildirib.
"Unutmayın, böyük millətlərin imtahanı da böyük olar”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan qeyd edib ki, bölgəni parçalamaq istəyən qüvvələrə mane olduqca Türkiyəyə qarşı təzyiqlər davam edəcək. Onun sözlərinə görə, bu təzyiqlər müxtəlif formalarda – daxildəki agentlər, xarici lobbilər, iqtisadi təzyiq vasitələri, beynəlxalq mediada fəaliyyət göstərən qüvvələr və sosial media üzərindən həyata keçirilə bilər.
Türkiyə Prezidenti paylaşımında bu fikirləri də ifadə edib:
"Allahın izni ilə onlara bu fürsəti verməyəcəyik. Dünyanı istismar edərək, bölgəmizi qan gölünə çevirərək özlərinə rifah sistemi qurmaq istəyənlərə boyun əyməyəcəyik”.
Ərdoğan, həmçinin qaranlıq oyunlara qarşı diqqətli olmağın, müsəlmanları bir-birinə qarşı qoymaq istəyənlərə qarşı ayıq-sayıq davranmağın vacibliyini vurğulayıb.
O bildirib ki, xalqın ümidini qırmağa, mənəvi ruhunu zəiflətməyə və cəmiyyət daxilində nifaq yaratmağa çalışan qüvvələrə qarşı daim hazır olmaq lazımdır.








