İrəvanda istintaq təcridxanasında 46 yaşlı iş adamı, Samvel Karapetyanın sədrlik etdiyi müxalif Güclü Ermənistan Partiyasından (GEP) Stepanavan şəhərinin meri postuna namizəd Arsen Gevorkyan vəfat edib. Siyasətçi bələdiyyə seçkisi ərəfəsində saxlanılmışdı.
Partiyadan "Sputnik Ermənistan"a siyasətçinin ölüm faktını təsdiqləyiblər.
Agentliyin məlumatına əsasən, A.Gevorkyan paytaxtın Nubaraşen rayonundakı cəzaçəkmə müəssisəsində saxlanılırdı. Noyabrın 10-da səhər saatlarında onun vəziyyəti pisləşib və təcili tibbi yardım çağırılıb. Sübh tezdən siyasətçinin ürək çatışmazlığından dünyasını dəyişdiyi məlum olub.
O həbs edildikdən 20 gün sonra həyatını itirib. A.Gevorkyan Lori vilayətinin Stepanavan icmasının Ağsaqqallar Şurasına keçirilən seçkidə GEP-in siyahısına rəhbərlik edirdi. Partiya qalib gələcəyi təqdirdə, o, bələdiyyə sədri vəzifəsinə iddialı idi. Siyasi qüvvə onun namizədliyini hələ sentyabrın 20-də irəli sürmüşdü.
Qeyd edək ki, Stepanavan meri postuna namizəd olan A.Gevorkyan oktyabrın 21-də - bələdiyyə seçkisinə cəmi 4 gün qalmış rüşvətvermə ittihamı ilə 2 aylıq müddətə həbs edilmişdi.
Bundan əvvəl Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi müxalifətçi namizədin ofisində seçicilərə rüşvət paylanıldığını iddia edən video yayımlamışdı. Ümumilikdə, Stepanavandakı rüşvət işi üzrə 24 nəfər saxlanılıb ki, onların da arasında Ağsaqqallar Şurasına 4 namizəd var.








