RU
“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” - Elşən Musayev
17:29
28

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” - Elşən Musayev

Cənab Prezident İlham Əliyevin Avropa Şurası və Avropa Parlamenti haqda söylədiyi fikirlər həqiqətin də, doğrunun da kulminasiyasıdır və eyni zamanda bu qurumların iç üzünü, əsl simasını göstərən ən mükəmməl təsvirlərdən biridir...

Mən də düz 5 il boyunca AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü olmuşam. Ona görə (mətbəxə az-çox bələd olduğum üçün) məlum kontekstdə bəzi fikirlərimi hörmətli oxucularla bölüşmək istəyirəm.

Əvvəla, ondan başlayım ki, Avropa Şurası Avropa Parlamentinin daha kustar, daha maketik, daha "dişsiz” formasıdır. Obrazlı desək: Biri ana balinadırsa, digəri bala balinadır. Biri rüşvətxordursa, digəri iri masştablı korrupsionerdir.

İkincisi... Xislətlərinə azca bələd olan kimi anlayırsan ki, burada heç bir mövzu Komitə iclaslarında, Plenar iclaslarda, Büro müzakirələrində öz həllini tapmır. Tam əksi: Hansısa məsələni çözmək istəyirsənsə, daldadakı (konstruksiya tipli) otaqlarda separat danışıqlara getməli, bəzi maraqlı qüvvələrlə işbirliyi qurmalı, onlarla əməkdaşlığa meyl etməli və ən əsası: əlini daim cibində saxlamalısan...

Üçüncüsü... Fərq etməz, hansı ölkədən gəlmisən: Əgər yenisənsə, "təzə” deputatsansa, anındaca ruslar demiş, "puşka”ya götürüləcəksən: Ya, sənə bufetdə, kuluarlarda, zallarda, salonlarda -  əlində hansısa mübhəm sənədi bərk - bərk tutub gəzən şəxslər yaxınlaşacaq və o sənədə imza atmağını istəyəcək. Ya, yenicə rəsmən üzv olduğun ixtiyari qrupun təcrübəli "aragəziciləri” səni axşam yeməyində babat provokasiyaya çəkəcək və emosional vəziyyətdə şəxsindən söz almağa çalışacaq. Ya da oturduğun, qəhvə içdiyin, üzərinə kompüter qoyub yazı yazdığın masaya məqsədli şəkildə hansısa missioner göndəriləcək və daha sonra həmin şəxs öz aləmində səni (mədəni üslubla) "verbovka” etməyə çalışacaq.

Yaxşı bəs məqsəd?! Məqsəd sadədir: Tanıdıqları və ya ilk tanışdıqları hər kəsi öz oyunlarına alət etmək, öz günlərinə salmaq və bütün nümayəndə heyətlərinin içində bir nəfər də olsa operativ xəbər ötürən "canlı informasiya cihazı”na sahiblənmək!   

Dördüncüsü... Nə "çörəkli” mövzular varsa, bunlar üçün ilk və son prioritet odur! Vəssalam. Başqa heç nə! Özlərindən deyilsənsə, "kotyol mafiyası”na aidliyin yoxdursa, əvvəldən tapşırılmamısansa, (nə qədər qəribə səslənsə belə!), 5-lik dövlətlərinin ən az 1 ay öncədən hazırladığı konkret tezislərdə adın keçmirsə, o zaman illər boyunca gəlişin də, gedişin də protokol xarakterindən o yana keçməyəcək. Keçə bilməyəcək. Çünki imkan verməyəcəklər!

Yəqin bu səbəbdəndir ki, həm Avropa Şurası, həm Avropa Parlamenti, həm də digər üzdə olan beynəlxalq təşkilatlar az qala əsrin yarısına yaxın müddətdə Qarabağın işğalı ilə bağlı susqun qaldılar! 1 milyon qaçqın və köçkünün taleyi onları qətiyyən narahat etmədi. Ermənistan sanksiyaya məruz qalmadı. Terrorçu qınanmadı!

Hələ arada, iclas sonrası, bəzi "qırmızısifətlər” (aralarında təşkilat yetkililəri də vardı) utanmadan, abır etmədən deyirdilər ki, torpaqlarınız işğal olunub, gedin qaytarın da...

Torpağı özümüz qaytaracağıqsa, o zaman sən kimsən, sən nə işlə məşğulsan?

Torpağı özümüz geri alacaqdıqsa, o zaman siz niyə ortalıqda "ağsaqqal məsləhəti” verirdiniz?

Öz gücümüz sizin topanızın, komunuzun mövqeyindən, ələlxüsus da BMT-nin 4 Qətnaməsindən daha hökmlü, daha faydalı, daha qüdrətlidirsə, o zaman hansı mənəvi və hüquqi haqla dünyaya meydan oxumağa çalışırsınız?!

Ədalətin də, həqiqətin də axırına çıxdınız...

Beynəlxalq hüququn anasını, bacısını, xalası və əmisi qızlarını fərqli-fərqli otaqlarda ağlar günə qoydunuz!

Adından "həşəmət” yağan o boyda Avropa Şurasını Şvabe kimi "makler”in oylağına, Avropa Parlamenti kimi "bazburut” qurumu 5 manata boyun əyənlərin, korrupsiyanın nəzəriyyəsini, əsasnaməsini, hətta doktrinasını yazanların yuvasına çevirdiniz.

***

Ona görə də bu gün kimisə hədəf alarkən, mahiyyətiniz və nüfuzunuzla uyğunluq təşkil etməyən "yekə - yekə” qərarlar imzalayarkən, böyük "paketlər” müqabilində tragikomik sanksiyalar peydahlayarkən son dərəcə ehtiyatlı olun, cənablar!

Ehtiyatlı olun ki, sabah sillə və güllə kimi cavablara qonaq edilməyəsiniz!

P.S. Bir məqamı altını çizərək, xüsusi vurğulayım: Adıçəkilən bütün beynəlxalq təşkilatlarda vicdanlı və ləyaqətli insanlar da fəaliyyət göstərir. Amma nə təəssüf, onlar daim azlıqdadırlar və çox güman, əbədiyyən həmin azlıq statusunda qalacaqlar...

Elşən Musayev

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ