Qarabağ və Şərqi Zəngəzura təşkil olunan diplomatik səfərlər növbəti dəfə İrəvandakı bəzi siyasətçilərin, xaricdəki erməni lobbisinin və onların havadarlarının yuxusuna haram qatıb, isterik reaksiyalarına səbəb olub. Beynəlxalq hüququn norma və prinsiplərini illər boyu tapdalayan, başqa bir dövlətin suveren ərazilərini 30 ilə yaxın işğal altında saxlayanların bu gün Bakıda akkreditə olunmuş xarici diplomatların Qarabağa səfərini "ittiham" etməsi, diplomatik korpus nümayəndələrini hədələməsi hansı məntiqlə və hansı mənəvi haqla sığışır?
İllər boyunca BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini nümayişkaranə şəkildə qulaqardı edən, Qarabağdakı tarixi, dini və mədəni irsi yerlə-yeksan edən, şəhər və kəndləri xarabalığa çevirən bir düşüncə tərzi bu gün hansı ədalətdən və hansı beynəlxalq hüquqdan dəm vurur? Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi sürətli quruculuq, abadlıq işlərini, yüz minlərlə keçmiş məcburi köçkünün öz doğma ocaqlarına təhlükəsiz qaytarılması üçün atılan addımları görməzdən gəlmək, xarici diplomatların bu həqiqətləri öz gözləri ilə görməsindən təşvişə düşmək iküzlülüyün və riyakarlığın son həddi deyilmi?
Ermənistan rəhbərliyi bir tərəfdən beynəlxalq kürsülərdən "sülh" mesajları verdiyini iddia etdiyi halda, digər tərəfdən regionda sülhün, quruculuğun və inkişafın təcəssümü olan bu səfərlərə qarşı qarayaxma kampaniyası aparmaqla öz əsl niyyətini büruzə vermirmi? Beynəlxalq ictimaiyyətin gözü qarşısında törədilən dağıntıları, basdırılmış milyonlarla minanı görməyən, lakin diplomatların dirçələn Qarabağa səfərindən rahatsız olan bu xarici lobbiçilər və şərhçilər niyə illər boyu işğal olunmuş ərazilərdəki talana susurdular? Yoxsa onlar üçün "hüquq" və "ədalət" yalnız öz dar siyasi maraqlarına xidmət edəndə vacib olur?
Beynəlxalq hüququn fundamentallığına dil uzadanlar anlamırlar ki, xarici diplomatların Şuşada, Xankəndidə, Ağdamda və Laçında olması sadəcə bir səfər deyil, tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə növbəti dəfə təsdiqidir. Heç bir təhdid, heç bir əsassız ittiham və nə də erməni lobbisinin çirkin kampaniyaları bu reallığı dəyişdirə bilməz, çünki həqiqət qərəzdən, ədalət isə riyakarlıqdan həmişə üstündür.
Kamran Bayramov
Milli Məclisin deputatı








